Çin diplomatik əlaqələrinin olduğu 53 Afrika ölkəsindən idxal etdiyi məhsullara tətbiq olunan tarifləri ləğv etməyə hazır olduğunu bildirib.
Bu qərar Çin-Afrika əməkdaşlıq görüşündə elan olunub və bu zaman qitənin ABŞ-a ixrac etdiyi məhsullara qarşı artan tariflərlə üzləşmə ehtimalı müzakirə olunub.
Çin son 15 ildir ki, Afrikanın ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə Afrika ölkələri Çinə təxminən 170 milyard dollar (125 milyard funt sterlinq) dəyərində məhsul ixrac edib.
Birgə nazirlər bəyanatında bəzi ölkələrin mövcud beynəlxalq iqtisadi və ticarət sistemini birtərəfli tarif tədbirləri ilə pozmağa çalışması tənqid olunub.
Bəyanatda həmçinin ABŞ-a ticarət mübahisələrini “bərabərlik, hörmət və qarşılıqlı fayda” prinsipləri əsasında həll etməyə çağırış edilib.
Tariflərin sıfırlanması ilə bağlı addım, 2023-cü ildə Çin tərəfindən “ən az inkişaf etmiş” kimi təsnif edilən 33 Afrika ölkəsinə tətbiq etdiyi tarif güzəştlərinin genişləndirilməsi olacaq.
Yeni qərarla tariflər Afrikada Çinin əsas ticarət tərəfdaşları – Cənubi Afrika və Nigeriya kimi ölkələrə də şamil ediləcək. Lakin Çinin bu qərarı nə vaxt qüvvəyə minəcəyini açıqlamadığı bildirilir.
Esvatini isə bu tarif ləğvindən kənarda qalıb. Çünki bu ölkə Tayvanı müstəqil dövlət kimi tanıyır, halbuki Çin Tayvanı özünün ayrılmış ərazisi hesab edir.
Çin hazırda Afrikadan, xüsusən Konqo Demokratik Respublikası və Qvineya kimi ölkələrdən xeyli miqdarda xammal idxal edir.
Aprel ayında ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın bir sıra ticarət tərəfdaşlarından idxala yüksək tarif tətbiq ediləcəyini elan etməklə narahatlıq yaratmışdı. Bu tariflər Lesoto üçün 50%, Cənubi Afrika üçün 30%, Nigeriya üçün isə 14% səviyyəsində müəyyən olunmuşdu.
Bu tariflərin tətbiqi iyul ayına qədər təxirə salınıb, lakin ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, “yaxşı niyyətlə danışıqlar aparan” ölkələr üçün bu gecikmə müddəti daha da uzadıla bilər.
2024-cü ildə ABŞ Afrikadan təxminən 39,5 milyard dollar dəyərində məhsul idxal edib. Bu məhsulların bir hissəsi “Afrika İnkişaf və İmkanlar Aktı” (Agoa) çərçivəsində tarifsiz şəkildə gətirilib. Lakin Tramp administrasiyasının yeni tarif qərarları bu proqramı da təhlükə altına ala bilər.
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
