Bu gün:

Pis insanlar öz əməllərinin fərqindədirlərmi?


Pis insanlar əməl törədərkən bunun fərqində olurlar, yoxsa yox? Pislik edərkən həqiqətən pis olduqlarını dərk edirlərmi? Onlar hansı psixoloji vəziyyətdə olurlar?Mütəxəssislərin fikrincə, insanların əksəriyyəti öz pis əməllərini “lazımlı”, “öz haqqını tələb edirəm” və ya “hamı belə edir” kimi bəhanələrlə əsaslandırır. Bu zaman vicdanın səsi susdurulur və insan öz əməllərini zəruri hesab edir. Psixoloqlar bildirir ki, əsas sual “görəsən, hansımız özümüzü pis insan kimi görürük?” olmalıdır.

Əxlaqi mərkəzin sürüşməsi

Sosial mühitdə qəbul edilən davranış qaydaları insanların yaxşı və pis anlayışına təsir edir. Müharibə şəraitində qarət “yaşamaq uğrunda mübarizə”, iş mühitində rəqibi sabotaj etmək isə “rəqabət” adı altında haqlı göstərilə bilər. İnsan ətrafında oxşar davranışları görəndə öz əməlini adi qəbul edir. Bu zaman insanın pis olduğunu anlaması üçün xarici təzyiqlərin güclü olması vacibdir.

Psixoloqlar bu mərhələdə insanın “pis” əməli necə rasional şəkildə əsaslandırdığını izah edirlər:

— “Əslində etdiyim o qədər də pis deyil, axı heç kim mükəmməl deyil”;

— “Mən sadəcə əmrə tabe olmuşam” və ya “Onlar buna layiq idilər”;

— “Dünən yaxşı bir iş gördüm, bu gün bir az eqoist olsam nə olar?”;

— “Yan təsirləri oldu” (əslində isə “insanlara zərər vurdum” deməkdir).

Bu düşüncə formaları insanın özünü pis hiss etməsinin qarşısını alır və pis əməllər “məntiqli” və ya “qaçılmaz” kimi təqdim olunur.

Qaranlıq üçlük və neyroloji korluq

Narsizm, makyavelizm və psixopatiya birlikdə “qaranlıq üçlük” adlanır. Psixopatik meyilli insanlar empatiya hissini zəif yaşayır, qarşısındakının ağrı və iztirabını hiss etmir və ya önəm vermirlər. Narsistik şəxslər isə özlərini “xüsusi” və “haqlı” hesab edir, tənqid gəldikdə isə problemi tənqid edən tərəfdə axtarırlar. Beyin müayinələri göstərir ki, belə insanlarda vicdan hissi və özünütənqid mexanizmləri zəif işləyir.

Bəs niyə bəziləri sonradan fərqinə varır?

Bəzi hallarda sərt sosial reaksiyalar (cəmiyyətin qınağı, cəza, ailə tərəfindən rədd edilmə) insanın öz müdafiə divarlarını aşaraq fərqindəlik yaradır. Bəzən isə bir qurbanın üz-üzə reaksiyası və ya faciəvi nəticə insanın empatiyasını oyadır. Yaş artdıqca beyindəki özünütənzimləmə mexanizmləri inkişaf edir, nəticədə insan keçmişdə etdiyi pisliklərə görə peşman ola bilər.


Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et