Aldığınız ətirlərdən fərqli səbəblərdən məmnun olmaya bilərsiniz. Onların tərkibində kimyəvi maddələr var, allergiyanızı artırır və dərinizi zədələyir. Bəziləri hətta baş ağrısına səbəb olur.
Biz ətiri başqa bir şeylə əvəz etməkdə çətinlik çəkirik. Ola bilsin ki, yeganə problem tam sizə xas olan bir qoxu tapa bilməməyinizdir. Xoşbəxtlikdən onun həlli var. Efir yağları və daşıyıcı yağlardan istifadə edərək, düzgün birləşmələrlə öz unikal ətirinizi yarada bilərsiniz.
Birinci üsul: Qatı ətirin hazırlanması
Tərkibi: 1 xörək qaşığı sürtgəcdən keçirilmiş arı mumu, 1 xörək qaşığı zeytun yağı, bir və ya daha çox efir yağları, 30 damcıdan çox olmayan şirin badam yağı, jojoba yağı və ya küncüt yağı kimi daşıyıcı yağlar.
Hazırlanması: Arı mumunu istədiyiniz daşıyıcı yağla benmari üsulu ilə əridin. Ocaqdan götürdükdən sonra istədiyiniz efir yağı əlavə edib qarışdırın. Soyuması üçün bağlana bilən bir qaba tökün və bərkiməsini gözləyin.

İkinci üsul: Sprey şəklində ətir hazırlamaq
100 ml suya bir və ya daha çox 30 damcıdan çox olmayan efir yağları əlavə edirsiniz və ətiriniz hazırdır. Hər dəfə istifadə edin və yaxşı silkələyin. Və təbii ki, paltarınıza düşməməsinə diqqət edin. Dərinizə püskürün və 10-15 dəqiqədən sonra geyinin.

Üçüncü üsul: Maye ətir hazırlamaq
Hər hansı 100 ml daşıyıcı yağa 30 damcıdan çox olmayan bir və ya bir neçə efir yağını əlavə etməklə həyata keçirilir. Çox sıx konsistensiyaya malikdir, qoxusu kifayət qədər qalıcıdır. Ancaq paltarınıza düşməməsi üçün xüsusilə diqqətli olmalısınız.
Bunun üçün geyinməzdən əvvəl bədəninizə səpib, dəriniz yağı yaxşı udması üçün yüngülcə masaj edib 10-15 dəqiqədən sonra paltarınızı geyinə bilərsiniz. Daha ehtiyatlısı odur ki, az miqdarda ətirinizi yalnız qulaqlarınızın arxasına, boynunuza, bilək və dirsəklərinizə çəkəsiniz. Bu sayədə paltarınıza düşməsinin qarşısını ala bilərsiniz.

Dördüncü üsul: Bədən nəmləndiricisini ətirə çevirmək
100 ml bədən nəmləndiricisi və ya losyonunuza 30 damcıdan çox olmayan bir və ya bir neçə seçdiyiniz efir yağını əlavə edə bilərsiniz. Yaxşıca qarışdırdıqdan sonra bu nəmləndirici ilə kremi çəkdiyiniz zaman istədiyiniz qoxunu alacaqsınız.
Efir yağlarının qoxusu bədən istiliyinizlə daha aydın olur. Daha qalıcı bir ətir istəyirsinizsə, qatı ətir hazırlayaraq onu da özünüzlə apara, ehtiyac duyduğunuzda qoxusunu təzələyə bilərsiniz.
Xüsusi ətiriniz üçün ideal efir yağ birləşmələri
İndi gəlin görək hansı efir yağları hansı ilə birləşdikdə heyrətamiz iy yaradır. Əvvəlcə aşağıdakı birləşmələrdən hansını sınamaq istədiyinizə qərar verin. Beləliklə, özünəməxsus ətirinizi yaradın, kimyəvi tərkibsiz, təhlükəsiz ətirinizi rahatlıqla istifadə edin.
Sitrus notları ilə ətir
Limon yağı, portağal yağı, berqamot yağı və naringi yağı sitrus ailəsindəndir. İstədiyiniz yağı seçib 15 damcı əlavə edin. İstifadə edəcəyiniz digər yağlardan da 5 damcı əlavə edin.

Bir az qlamur: vanil əlavə edilmiş sitrus ətri
Sitrus meyvələri də vanil qoxusuna çox uyğun gəlir və bir araya gələndə heyratamiz qoxu yaradır. İdeal qarışığı əldə edə bilirik.
15 damcı vanil yağı, 10 damcı portağal yağı, 5 damcı berqamot və ya darçın yağı. Sadəcə hamısını qarışdırıb istifadə etmək lazımdır.
Təravətli bitki mənşəli yağlar
Dincəlmək və stresdən qurtulmaq üçün çaylarını içdiyimiz bəzi bitkilərin qoxularını birləşdirərək, özünüzü yenilənmiş və gümrah hiss etdirəcək gözəl ətir yarada bilərsiniz.
10 damcı nanə yağı, 10 damcı rozmarin yağı, 5 damcı ardıc yağı, 5 damcı adaçayı yağı.
Ağac essensiyaları ilə ətir
Yaşıllıqdan və təbiətdən doymayan, meşələr və sahilləri düşündüyünüz zaman istəmədən gülümsəyən birisinizsə, bu qarışıq sizin üçündür. Maşın sürdükcə özünüzü yaşıl yolda gedən kimi hiss edə bilərsiniz.
10 damcı sidr ağacı yağı, 10 damcı şam ağacı yağı, 5 damcı berqamot yağı, 5 damcı səndəl ağacı yağı.
Sirli və cəlbedici: uzaq ölkələrdən gələn yağlar
Əgər sirli olmağı sevən, tamamilə fərqli bir dünyası olan birisinizsə, bu qarışıq sizi əks etdirəcək növdür.
10 damcı paçuli yağı, 5 damcı portağal yağı, 5 damcı ananas yağı. Möhtəşəm hiss etmək bu qədər sadədir.

Çiçək bağçası qarışığı
Əgər özünüzü romantikaya, çəhrayı güllərə, sevgiyə və nostaljiyə meyilli görürsünüzsə və qoxunuzun bu keyfiyyətləri əks etdirməsini istəyirsinizsə, tətbiq etdiyiniz zaman sizi çiçək bağçasında gəzirmiş kimi hiss etdirəcək bu qarışığı sınayın.
15 damcı yasəmən yağı, 5 damcı lavanda yağı, 5 damcı gül yağı, 5 damcı bənövşə yağı
Mənbə: Yemek
Tərcümə etdi: Nuran Əhmədzadə
