Qurban bayramının üçüncü günü səhər saatlarında soyqırım törədən İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda ən azı 11 fələstinli həyatını itirib, onlarla fələstinli yaralanıb.

Yerli mənbələrdən və tibb qruplarından alınan məlumata görə, İsrail ordusuna aid pilotsuz təyyarənin Xan Yunisin Əl-Məvasi bölgəsində köçkün mülki vətəndaşlar tərəfindən qurulan çadırları hədəf alması nəticəsində 2-si uşaq olmaqla 5 fələstinli həyatını itirib. Əvvəlki hücumda yaralanan Dima Abu Musa adlı kiçik qız da xəstəxanada dünyasını dəyişib.
Rəfah şəhərində İsrail əsgərlərinin şəhərin qərbində yardım mərkəzinin yaxınlığında toplaşan dinc əhaliyə atəş açması nəticəsində 4 nəfər ölüb, ən azı 70 nəfər yaralanıb. İsrail əsgərlərinin Qəzza zolağının mərkəzi hissəsində “Netzarim dəhlizi” yaxınlığındakı yardım paylama məntəqəsinin ətrafına atəş açması nəticəsində daha bir fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.
Digər tərəfdən, İsrail ordusu Qəzzanın şimalında Cibaliya və Qəzzanın şərqində yerləşən ev və obyektləri partlayıcılarla partladıb.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) dünən verdiyi açıqlamada Qəzzada aclıq çəkən mülki vətəndaşların qida almaq ümidi ilə getdikləri yardım paylama mərkəzlərinə İsrailin intensiv hücumlarına məruz qaldıqlarını bildirib.
Bəyanatda Qəzzada mövcud yardım paylama modelinin “effektiv olmadığı” və “insanları ölümə çağırmaq” olduğu vurğulanıb. İsrailin 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 54 min 772, yaralıların sayı isə 125 min 834-ə yüksəlib.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
