Donald Tramp və İlon Mask arasında böyük xərclərlə bağlı fikir ayrılığı NASA-nın gələcək büdcəsinə dair qeyri-müəyyənliyi daha da artırıb.
Kosmik agentlik Konqresə təqdim etdiyi büdcə sorğusunda elmi layihələrə ayrılan vəsaitin yarıya qədər azaldılmasını nəzərdə tutur. Hazırda inkişaf mərhələsində olan və ya artıq kosmosda fəaliyyət göstərən qırx elmi missiyanın dayandırılması planlaşdırılır.
Prezident, İlon Mask-ın sahibi olduğu SpaceX ilə federal müqavilələri ləğv etməklə hədələyib. NASA hazırda Beynəlxalq Kosmik Stansiyaya ekipaj və ehtiyatlar daşımaq üçün Falcon 9 raketlərindən istifadə edir. Gələcəkdə Aya və Marsa uçuşlar üçün Starship raketini nəzərdə tutur.
Açıq Universitetin kosmik alimi Dr. Simeon Barber bildirib ki, yaranan qeyri-müəyyənlik insanlı kosmik proqramına mənfi təsir göstərir. Onun sözlərinə görə, son günlərdə baş verən mübahisələr və qeyri-sabit qərarlar illərlə qurulan planları sarsıdır. Halbuki kosmik tədqiqat uzunmüddətli planlama və müxtəlif qurumlar arasında əməkdaşlıq tələb edir.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
