Bu gün:

Vaqner "missiyasını tamamladıqdan" sonra Malidən geri çəkiləcək


Rusiya mənşəli muzdlu döyüşçülərdən ibarət "Vaqner" qrupu əsas missiyalarını tamamladıqlarını bildirərək Qərbi Afrika ölkəsi Malini tərk etdiklərini elan edib.

2021-ci ildən bu ölkədə fəaliyyət göstərən Vaqner qrupu ordu ilə birlikdə İslamçı silahlı qruplara qarşı mübarizə aparıb.

Qrupun Teleqram kanalında yayımladığı açıqlamada deyilir ki, “Biz Mali xalqı ilə birlikdə terrora qarşı mübarizə apardıq” və bu mübarizə nəticəsində “illərlə dinc əhalini qorxu içində saxlayan minlərlə silahlı və onların komandirləri məhv edilib”.

Çıxış xəbəri Mali ordusunun ölkənin mərkəzində yerləşən əsas hərbi bazalardan birindən çəkilməsi xəbəri ilə eyni gün yayılıb. Həmin baza bir həftə ərzində ikinci dəfə ölümcül hücuma məruz qalıb.

Mali artıq 10 ildən çoxdur ki, İslamçı silahlı qrupların üsyanı ilə mübarizə aparır. Ölkədə təhlükəsizliyin təmin olunmaması ilə bağlı hökumətə qarşı ittihamların artmasına görə bir neçə il öncə ordu hakimiyyəti ələ keçirib.

Əvvəllər mülki hökumətə dəstək məqsədilə Malidə yerləşdirilən Fransa qoşunları 2022-ci ildə ölkəni tərk edib. Həmin vaxta qədər ölkəyə nəzarət edən hərbi junta artıq rusiyalı muzdlu döyüşçülərlə əməkdaşlığa başlayıb.

Son həftələrdə Səhil bölgəsində yerləşən Malidə hərbi bazalara qarşı cihadçı hücumların sayı artıb. Keçən bazar günü Əl-Qaidə ilə əlaqəli bir qrup, Boulkessi şəhərinə və oradakı hərbi bazaya qarşı genişmiqyaslı hücum həyata keçirdiyini açıqlayıb.

“Reuters” agentliyinə danışan mənbələrə görə, hücum nəticəsində 30-dan çox əsgər həlak olub.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et