“Requiem for a Dream” 25 il əvvəl, 2000-ci ilin mayında nümayiş olunanda həm alqışlanıb, həm də qalmaqallara səbəb olub.

Kann Film Festivalındakı gecəyarısı nümayişi auditoriyadakı 3000 nəfərin ayaq üstə alqışları ilə sona çatıb. İşıqlar yandıqda, filmin əsasını təşkil edən 1978-ci ildə yazılan romanın müəllifi Hubert Selby Jr.-nin gözlərindən yaş axıb. Tənqidçilər filmi bəyənib, “The Guardian”-ın Peter Bradshaw-ı rejissor Darren Aronofskinin "enerji, ardıcıllıq və texnika ustalığı" baxımından Orson Welles səviyyəsinə çatdığını yazıb. Lakin film Toronto Film Festivalında fərqli qarşılanıb, bəzi tamaşaçılar iyrənərək qusublar. ABŞ-də NC-17 (17 yaşdan kiçiklər üçün qadağandır) reytinqi alan film cəmi 7.5 milyon dollar qazanıb və Boston Globe-dan “Jay Carr” filmi “burjuaziyanın rahatlığından baxılan bir cəhənnəm fantaziyası” adlandıraraq sərt tənqid edib.
Mübahisələr əsasən filmdə narkomanların necə təsvir olunması ilə bağlı olub, çox yaxın planlarda, dəhşətli detallarla. Film dul qadın Sara Goldfarbın (Ellen Burstyn) televiziyada oyun şousuna çıxmaq üçün arıqlamaq məqsədilə pəhriz həblərinə aludə olmasını izləyir. Oğlu Harry (Jared Leto) və dostu Tyrone (Marlon Wayans) isə heroin sataraq varlanmaq istəyirlər. İşlər çətinləşdikdə, Harry sevgilisi Marionu (Jennifer Connelly) narkotik əldə etmək üçün fahişəliyə məcbur edir. Hadisələr getdikcə daha dəhşətli hal alır: elektroşok terapiyası, qanqrenalı qolun amputasiyası, irqçi nəzarətçi olan həbs düşərgəsində məcburi əmək.
Film yaradıcıları məqsəd qoyublar ki, narkomaniyanın hissini vizual və emosional baxımdan canlandırsınlar. Amma nəticədə film daha çox şeyə toxunub: asılılıq, azad iradə, müşahidə ilə istismar arasındakı sərhəd və Amerika Yuxusunun zəhərli cazibəsi barədə mübahisələrə səbəb olub. 25 il keçsə də, bu mövzular hələ də müzakirə olunur.
Aronofski Spike Leenin “Do the Right Thing” filmindən ilham alaraq SnorriCam (aktora bərkidilmiş kamera) texnikasından istifadə edib. Bununla yanaşı, ekranın ikiyə bölünməsi, sürətləndirib-yavaşıtma, ağ fonlara keçid, spiral fırlanmalar, balıq-gözü obyektivləri və surreallıq, bunlarla narkotiklərin hiss etdirdiyi duyğu pozuntuları təsvir olunub. Bu texnikalar sonradan “The Simpsons” tərəfindən də parodiya edilib. Amma bu vizual effektlər bəyənilsə də, filmin narkomaniya baxışına münasibət birmənalı olmayıb. “Trainspotting” (1996) filmi “heroin şıqlığı”nı təriflədiyi üçün tənqid olunsada, “Requiem” daha qaranlıq və ümidsiz mənzərə yaradıb. Tənqidçilər bu filmdə asılılıq spiralını, yəni qaçınılmaz süqut yolunu görüblər.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
