Çox güman ki, siz də "Dünyada yaşayan bütün insanlar varlı olsaydı, həyat daha xoşbəxt bir yer olardı", - deyə düşünmüsünüz. Bəs, görəsən, həqiqətənmi belədir?

Təsəvvür edin ki, səhər oyanırsınız və görürsünüz ki, ətrafınızdakı hər kəs milyonçu, hətta milyarder olub. Hamı pul içində üzür və siz də onlardan birisiniz. Sonra düşünürsünüz ki, əgər bu qədər pulum varsa, bunun dadını çıxarım, alış-veriş edim. Taksi çağırırsınız, amma gəlmir, hamının milyarder olduğu bir dünyada 2-3 manata görə kim taksi sürücüsü işləmək istəsin ki? Beləliklə, öz maşınınıza minirsiniz, amma maşınınızın benzini bitib. Yanacaq doldurma məntəqəsinə üz tutursunuz. Orada da benzin yoxdur. Hamı varlı olduğu üçün yanacaq doldurma məntəqəsinin əməkdaşları da artıq işləmirlər. Onu bir yana qoyaq, neft quyularında işləyən fəhlələrdən tutmuş, o nefti tankerlə stansiyaya daşıyan adama qədər, hər kəs işdən çıxıb.
Piyada getmək məcburiyyətində qalırsınız. Amma bütün mağazalar bağlı olduğu üçün alış-veriş planınız puç olur.

Bir müddət sonra acdığınızı hiss edirsiniz, lakin bütün restoranlar bağlıdır. Hər kəsin varlı olduğu bir ölkədə kim ofisiant və ya aşpaz olmaq istəyər ki? Yeməyi evdə bişirmək üçün marketdən qida almaq qərarına gəlirsiniz. Amma nə marketlər işləyir, nə də qida fabrikləri. Market açıq olsaydı belə, satmağa heç nə tapa bilməzdilər, çünki meyvə-tərəvəz əkib-becərən kəndlilər də artıq işləmirlər. Niyə də işləsinlər ki? Axı hamı milyarderdir.
Tətilə çıxmaq istəyirsiniz, amma nə hava limanı çalışır, nə də otellər. Çünki heç kim hovuzu təmizləmək, otaqları yığışdırmaq əziyyətinə qatlanmaq istəmir.

Bir müddət sonra baxımsız qalan evinizin təmirə ehtiyacı yaranır, lakin evi təmir edəcək usta tapa bilmirsiniz. Xəstələnirsiniz, amma xəstəxanalar bağlıdır, sizi müalicə edəcək həkim yoxdur.
Bir neçə gündən sonra evinizdə internet, işıq, su kəsilir, çünki baxımsızlıq sistemlərin çökməsinə səbəb olub. Axı hamı varlıdır və heç kim işləmək istəmir. Yanğın olanda yanğınsöndürmə briqadası, fövqəladə vəziyyətdə isə polis və ya təcili yardım gəlmir. Ən zəruri ehtiyacları belə ödəmək qeyri-mümkün olur.

Bu zaman fürsətcil insanlardan biri çıxıb deyir ki, “Hamı varlıdırsa, heç kimin etmək istəmədiyi işləri mən edim və insanların pullarını alım”. Çörək sexi açır və bir çörəyi 1 milyon manata satır. Başqa variant olmadığı üçün insanlar həmin çörəyi almağa məcbur olurlar. Beləliklə, müxtəlif müəssisələr iş həyatına atılırlar, lakin ən kiçik məhsul və ya xidmətin qiyməti milyonlarla manatla ölçülür. Köhnə nizam geri qayıdır. Deməli, hamının varlı olduğu dünyada heç kim varlı olmaz.
Mənbə: Eksiseyler
Tərcümə etdi: Nahid Xəlilov
