2007-ci ildə Stefano Boeri Dubay səhrasında tikilən, enerji israf edən, şüşə, keramika və metaldan ibarət göydələnləri izləyib. 
O, deyir ki, bu materiallar günəş işığını əks etdirərək ətraf havanı, xüsusən də piyadaların gəzdiyi şəhər səviyyəsini qızdırıb. Həmin vaxt o, Milanın şimalında baxımsız bir ərazidə iki hündür bina üçün öz layihəsi üzərində işləməyə başlayıb. “Birdən ağlıma gəldi ki, bu iki binanı şüşə ilə deyil, yarpaqlarla örtüm” – deyə bildirib. Bu dizayn şəhərin sənaye tullantılarla dolu hissəsinə flora və faunanı qaytaracaq, həm daxili, həm də xarici havanı sərinlədəcək və "yaşayan təbiəti binanın ayrılmaz hissəsinə çevirəcək" radikal yeni bir memarlıq modeli təklif edib.
Bu çoxsaylı mükafat qazanan dizayn artıq 10 ildir mövcuddur. Bitkilərə binanın kənarına bağlanan “uçan bağbanlar” qulluq edir. Bu meşə sakinlər üçün havanı 3 dərəcə sərinlədir, çünki yarpaqlar su buxarı buraxaraq günəş işığını filtrdən keçirir. Yubiley münasibətilə Stefano Boeri Architetti yeni kitab buraxıb “Bosco Verticale: Morphology of a Vertical Forest”. Burada aparıcı memarlar və təbiət memarlığı üzrə mütəxəssislərin esseləri, eləcə də memar İvan Baanın şəkilləri yer alır. Nəşriyyat Rizzoli bildirir ki, bu kitab “ətraf mühit və bitki dünyasına kollektiv qayğının yenidən doğulmasının simvoluna çevrilən bir memarlıq əsərini qeyd edir”.
Bu memarlıq yanaşması ənənəvi prioritetləri dəyişir: bina “ağaclar və quşlar üçün evdir, həm də insanlara da yaşayış təklif edir”. Bu ideya, məsələn, britaniyalı bioloq Colin Tudge-un Ağacların Gizli Həyatı (2006) kimi əsərlərdən təsirlənib. Orada ağacların karbonu udmaq, qlükoza istehsal etmək və kölgə yaratmaq baxımından həyati rolu izah olunur.
Hətta Afrikada da ilk “şaquli meşə” tikintisinə bu il başlanacaq. Layihənin bahalı olmasına dair tənqidlərə cavab olaraq, Eindhoven şəhərində 2021-ci ildə tamamlanan Trudo Vertical Forest sosial mənzil layihəsi kimi nümunələr verilir, buradakı kirayə haqqı ayda cəmi 600 avrodur (€).
Fransanın Montpellier şəhərində Vincent Callebaut-un dizayn etdiyi “Gizli Bağlar” layihəsinin üçdə biri sosial mənzillər üçün ayrılıb. Burada dam üstü əkinçilik və suyun təkrar istifadəsi kimi metodlar təbiət-insan əlaqəsini yenidən qurur.
Tao Zhu Yin Yuan – Tayvan, 2024
Bu 21 mərtəbəli bina döner eyvanlara malikdir və günəş işığını maksimum dərəcədə istifadə edir. Dizayn biotəqlidə əsaslanır, yəni təbiətin sistemlərini modelləşdirərək insan problemlərinə həll yolu tapmaq. Mərkəzi havalandırma boruları bir ağciyər kimi işləyir: havanı altdan çəkir, təmizləyir və yuxarıdan çıxarır.
Callebaut-un Filippindəki "Rainbow Tree" (Göy qurşağı ağacı) layihəsi isə yerli Eucalyptus ağacından ilhamlanıb. Bu binadakı 300 mənzilin sakinləri birlikdə flora ilə məşğul olmalı, istixanaları və şəhər arıxanalarını idarə etməlidirlər.
İnsanların təbiətlə olan doğma əlaqəsini əsas tutan bu memarlıq yanaşması rifahımıza da müsbət təsir göstərir. Niderlandın Wageningen Universitetinin apardığı tədqiqat göstərib ki, ofisdə bitkilərin mövcudluğu iş yerinin cazibəsini artırır, hava keyfiyyətini yaxşılaşdırır və sağlamlıqla bağlı şikayətləri azaldır.
Uelsdə isə 2.3 milyon nəfərlik bir araşdırma yaşıl ərazilərə yaxın yaşayan insanların 40% daha az depressiya və narahatlıq yaşadığını göstərib. Ən böyük fayda sosial-iqtisadi cəhətdən zəif bölgələrdə müşahidə olunub – burada yaşıl sahələr və su elementləri narahatlığı 10% azaldıb (varlı bölgələrdə bu rəqəm 6%).
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
