Bu gün:

Sudanda BMT-nin yardım maşınları hücuma məruz qalıb


BMT-nin sözçüsü bildirib ki, Sudanın Şimali Darfur bölgəsinə yardım aparan yük maşınları hücuma məruz qalıb. İlkin məlumatlara görə, hadisə nəticəsində “çoxsaylı itki” var.Sudan hökuməti hücum nəticəsində “mühafizəçilər, sürücülər və mülki vətəndaşların” həlak olduğunu açıqlayıb və məsuliyyəti orduya qarşı döyüşən Çevik Dəstək Qüvvələrinin (RSF) üzərinə qoyub.

Bununla belə RSF bazar ertəsi gecəsi əl-Koma şəhərində baş verən hücuma görə ordunu günahlandırıb.

BMT hələlik hücuma görə kimin məsuliyyət daşıdığını açıqlamayıb, lakin bildirilib ki, yardım karvanı aclıq təhlükəsi olan və mühasirədə qalan əl-Faşer şəhərinə doğru yola düşməyə hazırlaşarkən hücuma məruz qalıb.

Əl-Faşer – Şimali Darfurda ordunun nəzarətində olan sonuncu əsas şəhərdir. Orada yerləşən mülki əhali və hərbçilər artıq bir ildən çoxdur ki, RSF qüvvələrinin hücumlarına məruz qalır.

RSF-nin sözçüsü Başa Tabiq "X" sosial platformasında yayımladığı bəyanatda bildirib ki, BMT karvanına edilən hücum nəticəsində dörd nəfər öldürülüb, daha iki nəfər isə yaralanıb.

Yerli könüllülərdən ibarət əl-Koma Təcili Yardım Otağı Facebook-da yanmış yük maşınının içərisində yardım kisələrinin göründüyü bir video paylaşıb. Onlar hücumu “Sudan ordusunun pilotsuz təyyarələri” ilə əlaqələndiriblər.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et