Xarici İşlər Nazirliyi mənbələri Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların sabah saat 13:00-da Çırağan sarayında keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

Sülhün ünvanı yenə Türkiyə olacaq. Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda növbəti dəfə görüşəcəklər.
Mayın 16-da Rusiya və Ukrayna nümayəndə heyətləri ilk görüşlərini keçiriblər. Danışıqlar nəticəsində hər biri min məhbusun dəyişdirilməsi barədə qərar qəbul edilib. Danışıqların davam etdirilməsi razılaşdırılıb. Həmin danışıqlar sabah saat 13:00-da İstanbuldakı Çırağan sarayında davam etdiriləcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya iyunun 2-də İstanbulda danışıqların yeni raundunun keçirilməsini təklif etdiklərini və Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskinin nümayəndə heyətinə başçılıq edəcəyini bildirib.
Ukrayna prezidenti Zelenski də görüşdən əvvəl komandası ilə görüş keçirib. O, Ukrayna nümayəndə heyətinə Rüstəm Umerovun başçılıq edəcəyini açıqlayıb.
Zelenski sosial media hesabındakı paylaşımında tam və qeyd-şərtsiz atəşkəs tələb etdiklərini bildirib. O, əsas məsələlərin liderlər tərəfindən həll oluna biləcəyini vurğulayıb.
Tərəflərin İstanbulda keçiriləcək ikinci görüşündə atəşkəs məsələsinin müzakirə olunacağı gözlənilir.
3 ildir davam edən müharibədə sülh ümidi davam edir.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
