Bu gün:

Tramp Putini hava hücumlarına görə sərt tənqid edib


ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibə çərçivəsində ən böyük hava hücumunu həyata keçirməsindən və azı 13 nəfərin həyatını itirməsindən sonra Vladimir Putinə sərt iradlar bildirib. O, Putini “tamamilə dəli” adlandırıb. Bazar günü gecə Truth Social platformasında yayılan bu şərhlər Trampın Putinə qarşı nadir hallarda səsləndirdiyi sərt fikirlərdən biri olub. “Putinlə münasibətlərim həmişə yaxşı olub, amma onun halı dəyişib. Tamamilə dəli olub!”,-deyə Tramp bildirib. “Putin Ukraynanın bir hissəsini yox, bütün Ukraynanı istəyir. Əgər belə etsə, bu, Rusiyanın sonu olar!”–deyə əlavə edib.

Bu şərhlər, Ukrayna Hərbi Hava Qüvvələrinin Rusiyanın rekord sayda pilotsuz uçan aparatla hücum etdiyini açıqlamasından sonra verilib. Rusiya 298 pilotsuz uçan aparat və 69 raket buraxıb. Ukrayna isə onlardan 266 pilotsuz aparatı və 45 raketi zərərsizləşdirə bilib. Hücum miqyasına görə müharibənin indiyədək olan ən böyüyü hesab edilib. Ölənlər arasında 8, 12 və 17 yaşlı uşaqlar var. Yaralananların sayı 60-dan çoxdur. Ukrayna prezidenti Voladimir Zelenski bildirib ki, Rusiya rəhbərliyinə ciddi təzyiq göstərilmədikcə bu zorakılıq dayanmayacaq. O, Qərbin səssizliyini Putini cəsarətləndirməkdə günahlandırıb və sanksiyaların vacibliyini vurğulayıb.

Tramp Putinə qarşı səbirinin tükəndiyini qeyd edərək, Ağ Evə qayıtdıqdan sonra müharibəni bir neçə gün ərzində dayandıracağını vəd edib. O, jurnalistlərlə söhbətində deyib: “Putinin etdiklərindən razı deyiləm. Çoxlu günahsız insan həyatını itirir. Onu yaxşı tanıyıram, amma indi şəhərlərə raket atır. Bu, mənim xoşuma gəlmir”. “Rusiyaya qarşı əlavə sanksiyalar barədə düşünürsünüzmü?” sualına isə “Bəli, tamamilə”,- cavabını verib. Bununla yanaşı, Tramp Zelenskini də çıxışları ilə ölkəsinə xeyir verməməkdə ittiham edib. “Zelenskinin dedikləri problem yaradır. Bu, dayandırılmalıdır”,-deyə bildirib.

Rusiya ilə Ukrayna arasında sülh sazişi məsələsi hələ də qeyri-müəyyən olaraq qalır. Keçən həftə Tramp və Putin iki saatlıq telefon danışığı aparıblar. Tramp bu danışıqdan sonra atəşkəslə bağlı danışıqların başlaya biləcəyini söyləyib. Lakin Putin işğalın dayandırılması ilə bağlı konkret öhdəlik götürməyib. O, sadəcə sülh üçün hazırlanan “memorandum” üzərində işləməyi təklif edib. Bu telefon danışığı 2022-ci ildən bəri Rusiya və Ukrayna nümayəndələrinin ilk üz-üzə görüşü olan Türkiyədəki görüşdən sonra baş tutub. Lakin Kreml birbaşa danışıqların planlaşdırılmadığını açıqlayıb.

Mənbə: Al Jazeera

Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et