Bu gün:

Beyin-kompüter interfeysləri və düşüncə ilə idarəetmə


İnsan beyni ilə müxtəlif texnoloji cihazlar və tətbiqlər arasında əlaqə qurmaq, beyin-kompüter interfeysləri (BCI) vasitəsilə insanların dünya ilə qarşılıqlı əlaqədə olmasının yeni və maraqlı yollarını təqdim edir.

 BCİ-lər yalnız reabilitasiya tibbində vacib rol oynamır, həm də getdikcə daha çox tibbi və terapevtik kontekstdən kənarda – məsələn, oyunlarda və ya zehni vəziyyətin monitorinqində istifadə olunur.

BCİ texnologiyasının diqqətəlayiq xüsusiyyəti ondan ibarətdir ki, bu texnologiyanın mümkün etdiyi hərəkətlər klassik insan hərəkətlərindən fərqlənir. Çünki təsirlər dünyaya robot qolları, protezlər və ya digər cihazlar vasitəsilə ötürülür və onların icrası beyin siqnalları ilə idarə olunan kompüterlər vasitəsilə həyata keçirilir. Ənənəvi hərəkət formalarından fərqli olaraq, bu prosesdə bədən və əzələ hərəkətləri ümumiyyətlə tələb olunmur. Hərəkətsiz bir bədən – adətən fəaliyyətsizlik simvolu – əslində hərəkətdə ola bilər.

Beləliklə, bir sual ortaya çıxır: Hərəkət nəzəriyyələri BCİ vasitəsilə həyata keçirilən dünya dəyişikliklərinə necə yanaşır?
Bu sualı üç perspektivdən araşdırmaq mümkündür:

1. Agentliyin subyektiv təcrübəsi
2. Fəlsəfi hərəkət nəzəriyyəsi
3. Hüquqda hərəkət anlayışı.

Analizin üç əsas məqsədi var:
1. BCİ ilə bağlı hadisələrin fəlsəfi və hüquqi baxımdan “hərəkət” hesab olunub-olunmadığını müzakirə etmək.
2. BCİ ilə baş verən hərəkətlərin on maraqlı xüsusiyyətini vurğulamaq.
3. Bu yeni hərəkət formalarının agentlik anlayışına təsir edib-etmədiyini araşdırmaq.


Bu hərəkətlərin düzgün qiymətləndirilməsi üçün agentlik anlayışının daha incə detallarla izah edilməsi və hərəkət zamanı müxtəlif idarəetmə formaları arasında fərq qoyulması vacibdir. BCİ ilə hərəkətlərin bədənsiz xarakteri hüquqda “bədən hərəkətinə əsaslanan fəaliyyət” anlayışına uyğun gəlmədiyi üçün problemlər yaradır. Bu səbəbdən, hüquq fəlsəfi yanaşmalarla dialoqa girərək hərəkət anlayışını müəyyən BCİ-hadisələri də əhatə edəcək şəkildə yenidən nəzərdən keçirməlidir. Bunun hüquqda köklü təsirləri ola bilər – xüsusilə də “düşüncə azadlığı hüququ” kimi klassik hüquqi anlayışlar üçün.

BCİ-lər insanla texnologiya arasında birləşmənin yeni aspektidir. Bu texnologiya son illərdə sürətlə inkişaf etmişdir və yaxın gələcəkdə geniş istifadə imkanları vəd edir. Əsasən, BCİ-lər beynin kompüterə birbaşa qoşulmasına imkan verir ki, bu da xarici dünyaya təsir etməyə şərait yaradır. BCİ-lər istifadəçilərin neyron siqnallarını qeyd edir, emal edir və bu siqnalları, cihazları idarə etmək üçün əmrlərə çevirir.

Təsirli nümunələr arasında "beyin orkestri" (beyin siqnalları ilə musiqi ifası), dron idarəetməsi, kompüter oyunları, planşetlərlə idarə, hətta 2014-cü il futbol üzrə dünya çempionatında iflic olmuş bir şəxsin BCİ idarəli egzoskelet vasitəsilə başlama zərbəsini vurması göstərilə bilər.

Facebook, Elon Musk və digər texnoloji liderlər bu sahəyə yüz milyonlarla dollar investisiya qoymağı planlaşdırır. BCİ-lərin tibb sahəsində – xüsusilə reabilitasiya və yardımçı texnologiyalar baxımından – böyük potensialı var. Onlar iflic olmuş pasiyentlərə, hərəkət məhdudiyyətli insanlara və hətta “locked-in” sindromlu xəstələrə yeganə ünsiyyət vasitəsi təqdim edə bilər.

Qısacası, BCİ-lər insanın hərəkət və ünsiyyət bacarıqlarını bərpa etmək və inkişaf etdirmək üçün inqilabi bir neyrotexnologiyadır. Bu bacarıqlar isə insan həyatının əsas elementi olmaqla, özünü ifadə və rifah üçün vacibdir. Xüsusilə xəstələr üçün BCİ-lərin gətirdiyi imkanlar qeyri-adi dərəcədə faydalı ola bilər.


Mənbə: SpringerLink

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et