Bu gün:

Daniel Noboa vəzifəyə başlayıb


Cənubi Amerika ölkəsi Ekvadorda aprelin 13-də keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn 37 yaşlı Daniel Noboa 2025-2029-cu illər üçün parlamentdə and içib.

Daniel Noboa paytaxt Kitoda Milli Assambleyada keçirilən rəsmi mərasimdə prezidentlik kəmərini qəbul etdikdən sonra vəzifəsinin icrasına başlayıb.


Prezident kimi ilk çıxışında Noboa bütün siyasi qüvvələrə müraciət edərək fikir ayrılıqlarını bir kənara qoymağa və Ekvadorun gələcəyini birlikdə qurmağa çağırıb.


Narkotik ticarəti və zorakılıqla mübarizədən geri çəkilməyəcəklərini vurğulayan dövlət başçısı bildirib: “Bu, mütəşəkkil cinayət strukturlarına qarşı birbaşa mübarizədir. Cinayətkarlıqla mübarizədə atəşkəs olmayacaq. Bizim itirəcək vaxtımız yoxdur, qarşıda çoxlu vəzifələr dayanır və onların korrupsiyaya qurban getməsinə imkan verməyəcəyik”.


Noboa, hökumətinə dəstək verən hər kəsə təşəkkür edərək əlavə edib: “Yeni Ekvador dayanmayacaq. Ölkə keçmişi arxada qoyaraq daha yaxşı gələcəyə inanıb dəyişikliyi seçdi. İllərdir bu ölkəni ələ keçirdiklərini düşünən cinayətkarlarla mübarizəmizdən əsla geri çəkilməyəcəyik”.

Noboa andiçmə mərasimindən sonra Müstəqillik Meydanına toplaşan tərəfdarları salamlayıb.

Mənbə: A Haber 

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et