Bu gün:

İsrailin hava zərbəsində Qəzzalı həkimin doqquz övladı həlak olub


İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinə endirdiyi hava zərbəsi nəticəsində yerli həkim Dr. Alaa əl-Nəccarın evi dağılıb, nəticədə onun 10 övladından doqquzu həlak olub. Bu barədə həkimin çalışdığı Nasser xəstəxanası məlumat yayıb.

Xəstəxananın açıqlamasına görə, həkimin bir oğlu və həyat yoldaşı xəsarət alaraq sağ qalıblar. Britaniyalı cərrah Qreym Qrum yaralanan 11 yaşlı oğlanın əməliyyat olunduğunu bildirib.

Sosial şəbəkələrdə yayılan və BBC tərəfindən təsdiqlənmiş videoda dağıntılar altından çıxarılan azyaşlı və yanmış cəsədlər əks olunub. Video HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyinin rəhbəri tərəfindən paylaşılıb.

İsrail Müdafiə Qüvvələrinin (IDF) açıqlamasında qeyd edilir ki, zərbə “Xan Yunisdəki IDF qüvvələrinin yaxınlığında fəaliyyət göstərən şübhəli şəxslərə” endirilib. Ordu dinc sakinlərin həlak olması ilə bağlı iddiaların araşdırıldığını bildirib.

“Xan Yunis müharibə zonasına çevrilib. Əməliyyatlardan əvvəl mülki şəxslər təhlükəsizlik məqsədilə bu ərazidən təxliyə olunub",- deyə IDF-in açıqlamasında qeyd olunub.

İsrail ordusunun şənbə günü yaydığı digər məlumatda son 24 saat ərzində Qəzzada 100-dən çox hədəfin vurulduğu bildirilib.


Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et