Fələstin Xarici İşlər Nazirinin müavini Əhməd əd-Dik bildirib ki, İsrail əsgərləri Cenin Qaçqınlar Düşərgəsinə çatan xarici diplomatik heyəti "qorxutmaq" üçün atəş açıblar. Türkiyə, İngiltərə, İspaniya, İtaliya və Fransa da daxil olmaqla bir çox Avropa ölkələrindən diplomatlar İordan çayının qərb sahilindəki Cenin şəhərinə səfər ediblər. Onlar İsrailin həyata keçirdiyi dağıntıları yoxlamaq üçün Cenin Qaçqınlar Düşərgəsinin girişinə toplaşıblar. Nümayəndə heyəti düşərgəyə daxil olarkən İsrail qüvvələri atəş açıb.

Fələstin Xarici İşlər Nazirinin müavini Dik deyib: "35 səfir, konsul və diplomatdan ibarət diplomatik heyətin düşərgənin girişinə gəlişi ilə İsrail qüvvələri qaydaları pozaraq atəş açıb". Dik İsrailin atəş açmasını pisləyib və "İsrailin İordan çayının qərb sahilində və Qəzza zolağında fələstinlilərə qarşı hücumlarına son qoymağa və İsraili məsuliyyətə cəlb etməyə" çağırıb.
“İsrail ordusu özünü müdafiə edib”
Digər tərəfdən, İsrail ordusundan verilən yazılı açıqlamada diplomatik heyətin Ceninə "koordinasiyalı" şəkildə daxil olduğu iddia edilib. Bəyanatda iddia edilib ki, koordinasiya çərçivəsində diplomatik nümayəndə heyətinə təsdiq edilmiş marşrut verilib və bölgə aktiv münaqişə zonası olduğu üçün bu marşrutla getmək göstərişi verilib. Bölgədə xidmət edən İsrail əsgərlərinin onları uzaqlaşdırmaq üçün xəbərdarlıq atəşi açdığı, xəsarət alan və maddi tələfat olmadığı qeyd edilib.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
