Şokedici Titane filmi ilə Palme d'Or qazanan qeyri-adi fransız rejissoru Julia Ducournau yenə də Cannes-da kabus dolu qəribə bir film ilə qayıdıb, lakin bu dəfə nəticə qaneedici deyil.

Bu ilki Cannes Film Festivalının ən çox gözlənilən filmlərindən biri Julia Ducournaunun ssenari müəllifi və rejissoru olduğu “Alpha” idi. Onun son filmi dəli-dolu “Titane” 2021-ci ildə Palme d'Or qazandıqdan sonra, rejissorun yenidən Cannes-a qayıtması, festival izləyicilərini həm həyəcanlandırıb, həm də narahat edib Görünür, kabuslar az deyil. Qorxulu görüntülər, gurultulu musiqi və güclü performanslarla dolu bu çaşdırıcı və dəli edici fırtına “Alpha” Ducournaunun vizyon sahibi bir sənətkar olduğunu təsdiqləyir. Amma film bitib, onun yaratdığı başgicəlləndirici təəssüratdan ayıldıqdan sonra, bu əsər “Titane” qədər razı salan və təsirli görünmür.
“Alpha” filminin adı əsas qəhrəmanı olan 13 yaşlı qızdan (Mélissa Boros) gəlir. O, Fransanın adı çəkilməyən bir şəhərində tək yaşayan anası (Golshifteh Farahani) ilə birlikdə yaşayır. O, xüsusilə üsyankar biri deyil, amma bir gecə bir partidən qayıdanda qolunda nəhəng bir iynə ilə həkk olunan böyük "A" hərfi olur. Anası həkim olduğu üçün haqlı olaraq narahat olur, xüsusən də bu qeyri-peşəkar döymənin Alpha-ya insanları daşa çevirən sirli bir virus yoluxdura biləcəyindən. Aylar keçdikcə onların dərisində sərtləşmələr yaranır, tozlu öskürəklər başlayır və sonda sanki parlaq, çatlayan, krem rəngli mərmər heykəllərə çevrilən cəsədlərə dönürlər. Bu ölüm həm qorxuncdur, həm də qəribə şəkildə gözəldir, sanki ölənlər özlərinin möhtəşəm abidəsinə çevrilirlər.
Ana tibb bacıları ilə birlikdə, bu virusla mübarizə aparan xəstələrlə dolu, qorxulu dərəcədə səssiz bir xəstəxanada çalışır. Bu arada Alpha-nın döyməsi dayanmaq bilmədən qanayır, bu da onu sinif yoldaşları tərəfindən rədd edilməyə məruz qoyur. Ananın narahat olduğu yeganə insan Alpha deyil, onun ayrı düşdüyü qardaşı Amin da virusa yoluxub.Bütün bu halüsinasiyalı təsvirlərin yaratdığı gurultuya baxmayaraq, filmin demək istədiyi çox da dərin deyil.
“Alpha” filminin başlanğıcındakı bəzi səhnələr onun zombi apokalipsisi tərzində bir triller olacağına ümid verir. Xəstəxanada paranoya histeriyaya çevrilir, təhlükəsizlik işçiləri virusa yoluxanları bayırda saxlamağa çalışır, məktəbdə isə tələbələr Alpha-nın qanı ilə qırmızıya boyanan üzgüçülük hovuzundan qaçır. Film, günün sonuna çatmaq üzrə olan bir dünyada keçən “28 Days Later” və “World War Z” kimi filmləri xatırladan səhnələrə malikdir. Amma Ducournau onlara özünəməxsus, narahatedici və poetik atmosfer bəxş edir.
Məyusedici tərəf isə odur ki, daşa çevrilmə xəstəliyinin konsepsiyası ilə rejissor çox az şey edir. Film iki zaman xəttində-1980 və 90-cı illərdə cərəyan edir və bu fərqi izləmək üçün Farahani-nin saç düzümünə diqqət etmək lazımdır. Virus homoseksual insanlar və iynə paylaşımı ilə əlaqələndirilir. Virusa yoluxan və ya yoluxmaqda şübhəli bilinənlər homofob davranış və cahilliklə qarşılaşırlar. Qısacası, bu ssenari QİÇS epidemiyasının bir analogiyasıdır və Ducournau özü də bunu etiraf edib.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
