İsrail ordusunun Qəzzada yeni və genişmiqyaslı hücuma başlamasından sonra İsrail və HƏMAS arasında atəşkəsə dair danışıqların yeni mərhələsinə start verilib.

İsrailin cümə axşamından etibarən anklava endirdiyi hava zərbələri nəticəsində azı 300 nəfər həlak olub. Yalnız bir gecə ərzində həyata keçirilən bombardmanlar zamanı isə azı 50 nəfərin öldüyü bildirilir. Bu məlumatı ərazidə çalışan xilasedicilər təsdiqləyiblər.
HƏMAS rəhbərinin müşaviri Taher əl-Nounu BBC-yə açıqlamasında bildirib ki, şənbə günü Qətər və ABŞ-nin vasitəçiliyi ilə Dohada yeni danışıqlar mərhələsi başlayıb. Onun sözlərinə görə, tərəflər arasında ilkin şərt yoxdur və bütün məsələlər müzakirə üçün masadadır.
İsrailin müdafiə naziri isə danışıqlara atəşkəs və blokadanın aradan qaldırılması ilə razılaşmadan başladıqlarını bildirib.
Danışıqlardan məlumatlı olan yüksək rütbəli fələstinli rəsmilər BBC-yə açıqlamalarında bildiriblər ki, müzakirələrin əsas mövzusu müəyyən girovların azad edilməsi qarşılığında müvəqqəti atəşkəsin əldə olunmasıdır.
Qeyd olunur ki, bu təklif son həftələrdə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff tərəfindən irəli sürülüb. Lakin tərəflər əvvəllər planın icrasında müəyyən maneələrin olduğunu qeyd ediblər.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
