Misir prezidenti Əbdülfəttah əs-Sisi Fələstin xalqının soyqırım təhlükəsi ilə üz-üzə qaldığını bəyan edərək, ABŞ prezidenti Donald Trampı Qəzzada atəşkəs yaratmağa çağırıb.

Bağdadda keçirilən Ərəb Liqasının 34‑cü Zirvə toplantısında çıxış edən Misir Prezidenti Əbdülfəttah əs‑Sisi Fələstin məsələsinin “tarixinin ən təhlükəli dövrünü” yaşadığını bildirib: “Qəzzada Fələstin xalqı soyqırımla və tamamilə məhv edilmə təhlükəsi ilə üz-üzədir. ABŞ Prezidenti Donald Trampı Qəzzada dərhal atəşkəs təmin etməyə çağırıram”.
Sisi ABŞ‑nin Suriyaya qarşı sanksiyaları ləğv etməsini müsbət addım kimi qiymətləndirərək, bu fürsətin ölkənin birliyini qorumaq naminə dəyərləndirilməli olduğunu bildirib.
O, həmçinin vurğulayıb ki, İsrailin Livan ərazisindən çəkilməsi regionda sabitliyin təmin edilməsi üçün mühüm şərtdir. Yəmən mövzusuna toxunan Misir Prezidenti qeyd edib: “Yəmənin birliyi və sabitliyi bərpa olunmalı, daxili parçalanma və qarşıdurmalara son qoyulmalıdır.”
Mənbə: Haber Global
Tərcümə etdi: Səyyarə Mirzəyeva
