24media.az-ın növbəti müsahibi təhsil eksperti Kamran Əsədovdur. O, STEAM təhsilinə aid suallarımızı cavablandırıb.

-STEAM təhsili nədir və ənənəvi təhsil metodlarından hansı cəhətləri ilə fərqlənir?
Azərbaycanda təhsil sisteminin ən ciddi problemlərindən biri, fənlərin izolyasiya olunan şəkildə, nəzəri və əzbərçilik üzərində qurulmasıdır. Bu isə şagirdlərin real həyatda tətbiq oluna bilən bilik və bacarıqlar əldə etməsinə əngəl yaradır. Məhz bu məqamda STEAM təhsili – yəni elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ şəkildə tədrisi – mühüm alternativ kimi önə çıxır.
STEAM modeli ayrı-ayrı fənlərin deyil, fənlərarası əlaqənin, təcrübəyə əsaslanan öyrənmənin və yaradıcı düşüncənin üzərində qurulur. Bu modelin mahiyyətində “problemləri necə həll etməliyik?” sualına cavab vermək dayanır və o, yalnız bilik ötürmək deyil, düşüncə və fəaliyyət bacarığı formalaşdırmaq məqsədi də daşıyır.
-Azərbaycanda STEAM təhsili hansı səviyyədə tətbiq olunur və Təhsil Nazirliyinin bu sahədə atdığl addımlar yetərlidirmi?
Azərbaycanda STEAM təhsili ilk dəfə sistemli şəkildə 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən təqdim olunub. 2023-cü ilin sonunda nazirliyin rəsmi məlumatına əsasən, STEAM laboratoriyaları ölkənin 300-dən artıq məktəbində qurulub və təxminən 60 min şagird bu yanaşma ilə təhsil alır. Bu rəqəm ümumilikdə ölkədəki şagird kontingentinin təxminən 3,5%-nə bərabərdir. Bununla belə, sözügedən göstərici əsaslı transformasiya üçün kifayət deyil. Mövcud tətbiq daha çox pilot xarakteri daşıyır və ölkə üzrə vahid, kütləvi, normativ şəkildə tətbiq edilmir.
Qanunlara əsasən, şagirdlərin yaradıcı bacarıqlarının inkişaf etdirilməsi və innovativ düşüncə tərzinin formalaşdırılması ümumi təhsilin məqsədlərindən biridir. Lakin mövcud kurikulum strukturu və dərslik sistemi bu məqsədə cavab vermir. Kurikulumda STEM və ya STEAM fənlərinin inteqrasiyası açıq şəkildə nəzərdə tutulmasa da, bəzi müəllimlərin təşəbbüsü ilə layihə əsaslı fəaliyyətlər həyata keçirilir. Bu isə sistemli deyil və müəllimin fərdi marağına əsaslanır.
Müsbət tərəf ondan ibarətdir ki, nazirlik bu sahədə ilk dəfə olaraq 2022-ci ildən etibarən STEAM təlimləri üçün xüsusi modullar hazırlayıb və minlərlə müəllim bu təlimlərdən keçib. Bundan əlavə, STEAM Azərbaycan Festivalı (SAF) kimi kütləvi tədbirlər şagirdlər arasında marağı artırmaq və ictimai dəstəyi qazanmaq baxımından uğurlu addımdır. Eyni zamanda, robototexnika, 3D çap, mikrobit proqramlaşdırma kimi texnologiyaların məktəblərə gətirilməsi az da olsa, təhsil sistemində praktik bilik yönümlü yanaşmanın təməlini qoyur.
Lakin əsas problemlər də bu müsbət addımlarla yanaşı qalmaqdadır. Birincisi, STEAM laboratoriyaları yalnız müəyyən pilot məktəblərdə və əsasən şəhər məktəblərində qurulub. Kənd və qəsəbə məktəblərinin əksəriyyəti bu infrastrukturdan tamamilə məhrumdur. İkincisi, müəllimlərin texniki və metodoloji hazırlığı çox zəifdir. STEAM yanaşması yalnız texnologiyanı tanımaq deyil, həm də pedaqoji çevikliyə malik olmaq tələb edir. Bu da ali pedaqoji təhsil sistemində köklü dəyişikliklər edilmədən mümkün deyil. Üçüncüsü, STEAM təhsili qiymətləndirmə sistemi ilə uyğunlaşmır. Hələ də summativ və test əsaslı qiymətləndirmə aparıldığı bir təhsil sistemində şagirdin layihə, komanda işi və yaradıcı bacarığı objektiv ölçülə bilmir.
-Dünya miqyasında STEAM təhsili necə keçirilir?
Dünya təcrübəsinə baxdıqda isə inkişaf etmiş ölkələrin əksəriyyətində STEAM təhsili məktəb təhsilinin əsas komponentinə çevridiyini görürük. Məsələn, Finlandiyada təhsil proqramlarında fənlərarası yanaşma əsas prinsipdir və “fenomen əsaslı öyrənmə” tətbiq edilir. Sinqapurda hər bir məktəbdə texniki laboratoriya mövcuddur və şagirdlər layihələr üzərində işləyərək qiymətləndirilir. ABŞ-də “Next Generation Science Standards” standartları çərçivəsində bütün təbiət elmləri fənləri dizayn düşüncəsi və mühəndislik yanaşması ilə inteqrasiya olunur. Bu ölkələrdə STEAM yalnız “əlavə dərs” deyil, təhsil sisteminin struktur elementi kimi qəbul edilir.
Azərbaycanda isə bu konsepsiya əsasən təbliğat və “vitrinlik tədbirlər” səviyyəsindədir. Bu, əslində təhsilin məzmunundan daha çox forması ilə bağlı məşğul olunduğunu göstərir. STEAM təhsili əgər doğru şəkildə tətbiq olunarsa, təkcə texnologiya və dizayn bacarıqları deyil, eyni zamanda əmək bazarında çeviklik, yaradıcılıq və innovasiya mədəniyyəti də formalaşdıracaq. Bu da Azərbaycanın hazırkı iqtisadi inkişaf prioritetləri, xüsusən rəqəmsallaşma və sənaye 4.0 hədəfləri ilə birbaşa uzlaşır.
Bu sahənin uğurlu tətbiqi üçün ilk növbədə ali məktəblərdə STEAM təlimi üzrə pedaqoji ixtisaslar yaradılmalıdır. Müəllim hazırlığı proqramlarına dizayn düşüncəsi, layihə əsaslı öyrənmə və texniki bacarıqlar daxil edilməlidir. İkinci vacib məsələ isə normativ bazanın hazırlanması və bu təhsilin kurikulum səviyyəsində rəsmi status almasıdır. Üçüncü mühüm istiqamət isə özəl sektorun bu prosesə cəlb edilməsidir. Hazırda startap ekosistemi, texnologiya parkları və sahibkarlıq subyektləri ilə məktəblər arasında əməkdaşlıq minimum səviyyədədir.
Nəticə etibarilə, STEAM təhsili Azərbaycanda sadəcə təhsil sahəsi üçün deyil, iqtisadiyyatın rəqəmsal transformasiyası və əmək bazarının yenidən formalaşması baxımından da zəruridir. Bu model bizə lazımdır, çünki mövcud təhsil sistemi XXI əsrin tələblərinə cavab vermir. Əgər bu transformasiya sistemli, planlı və genişmiqyaslı aparılmasa, Azərbaycan şagirdləri bilik yarışlarında deyil, yenə də test yarışlarında ilişib qalacaq.
Asiman Vəliyeva
