Hakan Fidanın sədrliyi ilə İstanbuldakı Prezident Dolmabaxça ofisində keçirilən Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü başa çatıb. Üçtərəfli görüş bir saat yarım davam edib.

Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, Türkiyə, Amerika və Ukrayna nümayəndə heyətləri xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə İstanbuldakı Prezident Dolmabaxça ofisində bir araya gəlib.
ABŞ nümayəndə heyətinə ölkənin xarici işlər naziri Marko Rubio, ABŞ-nin Ankaradakı səfiri Tom Barak və ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq daxildir.
Ukrayna nümayəndə heyətinə Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andriy Sibiha və müdafiə naziri Rustem Umerov daxildir.
Ukrayna prezidenti Vladimir Zelenski dünən İstanbulda keçiriləcək sülh danışıqlarında iştirak edəcək Ukrayna nümayəndə heyətinin formalaşdırılması haqqında fərman imzalayıb.
Ukrayna: “Ukrayna nümayəndə heyəti qeyd-şərtsiz atəşkəsi təmin etmək üçün bu gün İstanbuldadır”
Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak İstanbulda keçirilən sülh danışıqları zamanı Rusiya-Ukrayna müharibəsində qeyd-şərtsiz atəşkəsin onlar üçün prioritet olduğunu bildirib.
Yermak Telegram hesabından verdiyi açıqlamada müharibənin sona çatması üçün İstanbulda keçirilən sülh danışıqları çərçivəsində apardığı danışıqlarla bağlı məlumat paylaşıb.
Yermak bildirib ki, Ukrayna nümayəndə heyəti İstanbulda ABŞ prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq, Böyük Britaniyanın milli təhlükəsizlik müşaviri Conatan Pauell, Fransa prezidenti Emmanuel Makronun diplomatik müşaviri səfir Emmanuel Bonne və Almaniya Xarici İşlər Nazirliyinin siyasi direktoru Günter Sautter ilə görüşüb.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
