
Fransanın bu prestijli film festivalında “çılpaq” və ya “həddindən artıq həcimli” geyimlərə qoyulan qadağanın arxasında mürəkkəb etiket qaydaları və zəngin bir tarix dayanır. 2025-ci ildə Kann Film Festivalının “əxlaq” qaydalarını təhlil edirik.
Ən sərt qırmızı xalça protokollarından biri olan Kann bu dəfə daha da sərtləşdi – festival çərşənbə axşamı bəyan etdi: “Əxlaqa uyğunluq səbəbi ilə qırmızı xalçada, eləcə də festivalın digər ərazilərində çılpaqlıq qadağandır.”
Bu qərar diqqət çəkir, çünki son illərdə “çılpaq paltarlar” qırmızı xalçanın ayrılmaz bir hissəsinə çevrilmişdi. Məsələn, keçən il supermodel Bella Hadid 10 denye qalınlığında Saint Laurent halter paltarı geyinmişdi. İllər ərzində isə Isabelle Huppert, Naomi Campbell və Kendall Jenner kimi məşhurlar bu paradoksal trendlə çıxış ediblər.
Bu qərar, dünya miqyasında artan mədəni konservatizmin bir hissəsi kimi dəyərləndirilə bilər – xüsusilə də qadın bədəninin ictimai məkanlarda necə təqdim olunması ilə bağlı nəzarətin gücləndiyi bir dövrdə. “Nə olar, bir nəfər döş göstərsə,” deyə moda dairələrində tanınmış anonim “Boring Not Com” Instagram səhifəsində yazdı və əlavə etdi: “Konservatizmin səssiz qayıdışı reallıqdır.”
“Bir çoxları üçün Kannın qırmızı xalçasındakı dəbdəbəli geyimlər, bəzən nümayiş olunan filmlər qədər diqqətçəkici olur – kinoya bu qədər ciddi yanaşan bir festival üçün bu narahatlıq doğurur.”
Bəzi insanlar, məsələn Rose McGowan, “çılpaq geyimləri” güclənmə və öz ifadə forması hesab edirlər. Digər müşahidəçilər isə ikili standartlara diqqət çəkdilər: “Qırmızı xalçada çılpaqlıq qadağandır, amma içəri daxil olandan sonra – ekranlarda hər şey açıqdır. Və demək olar ki, həmişə qadınlara aiddir,” deyə Boring Not Com yazdı. “Unutmayaq ki, bu, 2015-ci ildə qadınları baletka geyindikləri üçün geri çevirən festivaldır. Eyni zamanda Roman Polanskinin – 1978-ci ildə ABŞ-da yetkinlik yaşına çatmayan bir şəxsi zorladığına görə hökm gözləyərkən ölkədən qaçmış bir şəxsin – qırmızı xalçasını sərdilər”.
Digər şərhçilər isə Kannın başqa bir məşhur və eyni zamanda ziddiyyətli qaydasını xatırlatdılar: 2016-cı ildəki burkini qadağası. Bu qadağa müsəlman qadınların dini səbəblərlə bədənlərini örtməsini “ictimai təhlükə” olaraq görürdü. “Başını örtdüyün üçün qəbul olunmursan, amma çox nazik geyindiyin üçün də qəbul olunmursan. Gərək nə çox örtün, nə də az. Bu, itirən-uduzan vəziyyətdir,” deyə Şahed Ezaydi Stylist jurnalında yazdı.
Lakin qadağa yalnız çılpaqlıqla məhdudlaşmır. Festival eyni zamanda “qonaqların hərəkətini çətinləşdirən və zala oturmanı ləngidən böyük ətəkli və ya həcimli paltarlara” da qadağa qoyduğunu bildirdi. Bu, sual doğurur: qırmızı xalça əslində nə üçündür?
Kimin nə geyindiyi, xüsusilə də 1994-cü ildə Joan Rivers-in Golden Globes-da “nə geyinmisiniz?” sualı ilə bu anlayışı formalaşdırmasından sonra, qırmızı xalçada vacib bir sual olub. Müasir dövrdə isə bu xalçalar sanki bir reklam platformasına çevrilib – məşhurların dizayner geyimlərini nümayiş etdirdikləri, milyonlarla dollar dəyərində sponsorluq müqavilələrinin yer aldığı bir səhnəyə.
Met Gala kimi tədbirlərdə isə bu tendensiya ən yüksək nöqtəyə çatır – paltarların ölçüsü nə qədər böyükdürsə, bir o qədər çox diqqət çəkir. Bunun yaxşı və ya pis olması isə subyektivdir. “Mənim də dəyişiklik etməyimə ehtiyac oldu – amma çılpaqlıqla bağlı qadağanı düzgün hesab edirəm,” deyə Halle Berry bildirib.
Buna baxmayaraq, bəzi insanlar üçün həcmlə bağlı qadağa çılpaqlıqdan daha məntiqlidir. Moda eksperti Luis Pisano-nun dediyinə görə, son illərdə qırmızı xalça “ən çılğın və nəhəng geyimi” geyinmiş influenserlərlə dolub. Minlərlə insanın zalda yer tapmalı olduğu bir tədbirdə bu vəziyyət tıxaca səbəb olur. Bu, festivalın ilk dəfə nizam-intizam naminə qadağalar tətbiq etməsi deyil. 2018-ci ildə festival direktoru Thierry Frémaux selfiləri qadağan etmişdi, çünki “bu qarışıqlıq qırmızı xalçanın keyfiyyətini aşağı salır.”
Bəs Kann bu qadağanı həqiqətən tətbiq edəcəkmi? Festival bildirir ki, “qarşılama komandaları qaydalara əməl etməyənləri qırmızı xalçaya buraxmamalıdır,” lakin keçmiş təcrübələr göstərir ki, bu qaydaların tətbiqi bərabər olmur. Məsələn, 1953-cü ildə Pablo Picasso-ya geyim qaydasını pozaraq dəridən palto geyinməyə icazə verildi, amma eyni il bir jurnalistə eyni imtiyaz tanınmadı. 1960-cı ildə isə jüri üzvü olan Henry Miller smokin geyinməkdən imtina etdiyi üçün açılış gecəsinə buraxılmadı.
Bu məlumatların festivalın öz saytında paylaşılması göstərir ki, Kann rəhbərliyi qaydaların yaratdığı səs-küyə müəyyən qədər qürurla yanaşır. “Şayiələrə görə,” deyə Style Not Com yazır, “bu qaydalar həqiqi ulduzlara – foto üçün gəlib, filmi izləmədən çıxan modellərə və marka elçilərinə – tətbiq edilməyəcək. Bu da etiraf edək ki, onların əksəriyyətidir.” Ehtimal olunur ki, yalnız bir neçə influenser – Citroën avtomobili ölçüsündə paltarda – qırmızı xalçadan uzaqlaşdırılacaq.
Tarix göstərir ki, bu qaydalara qarşı çıxan və xilas olanlar ictimaiyyətin rəğbətini qazanır. Məsələn, 2016-cı ildə Julia Roberts yalın ayaq qırmızı xalçaya çıxmışdı – bir il əvvəl isə festivalda düz ayaqqabılar qadağan edilmişdi. Vanity Fair onu “Amerikanın sevimli qızı” adlandırdı. 2018-ci ildə Kristen Stewart Louboutin ayaqqabılarını qırmızı xalçada çıxardı. Daha əvvəl isə Hollywood Reporter-ə demişdi: “Əgər kişilərə dabanlı ayaqqabı və don geyinmək tələb olunmursa, mənə də bunu deməyin.” Bəs görəsən, sinəsini açıq qoyanlar – və buna görə cəzalanmayanlar – eyni simpatiyanı qazanacaqlarmı?
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
