Bu gün:

Atom bombası necə işləyir?


Atom bombası nüvə enerjisindən istifadə edərək böyük miqdarda enerji buraxan kütləvi qırğın silahıdır. Bu, atom nüvəsinin parçalanması nəticəsində yaranan enerjiylə dağıdıcı güc yaradır. Atom bombası uran-235 və ya plutonium-239 kimi parçalana bilən radioaktiv elementlərə əsaslanır.

Atom bombasından istifadə

Atom bombası ilk dəfə 1945-ci ildə, İkinci Dünya Müharibəsinin sonunda ABŞ tərəfindən Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılıb və bəşəriyyət tarixində ən dağıdıcı silahlardan biri kimi yadda qalıb. Həmin vaxtdan etibarən atom bombaları yalnız döyüşlərdə deyil, həm də beynəlxalq siyasətdə və çəkindirmə strategiyalarında mühüm rol oynamağa başlayıb.


Atom bombası yalnız ani dağıntı deyil, radiasiya səbəbilə uzunmüddətli sağlamlıq və ekoloji fəsadlar da yaradır. Buna görə, həm elmi, həm də etik baxımdan mübahisələrə səbəb olub və bu gün də beynəlxalq nəzarət altındadır.


Hansı ölkələrdə atom bombası var?

Atom bombasının olması, bir ölkənin hərbi gücünü və beynəlxalq mövqeyini birbaşa təsir edən bir amildir. Bu gün yalnız bir neçə ölkə bu silaha sahibdir və onlar uzun illər davam edən işlərdən sonra nüvə silahı proqramlarını tamamlayıblar.


Rəsmi olaraq nüvə silahına malik olan yeganə ölkələr Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində tanınan beş ölkədir: ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa. Bu ölkələr həm də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləridir.


Nüvə silahına malik, amma 'NPT' iştirakçısı olmayan bəzi ölkələr də var. Hindistan və Pakistan nüvə sınaqları keçirərək bu silaha sahib olduqlarını bəyan ediblər. İsrail bunu rəsmən etiraf etməsə də, nüvə gücünə malik olması qəbul edilir. Şimali Koreya isə 2000-ci illərdən bəri nüvə sınaqları apararaq bu silaha sahib olduğunu bildirib.


Bu ölkələrdən başqa heç bir ölkənin qanuni və ya faktiki olaraq atom bombası olduğu bilinmir.


Atom bombası necə işləyir?

Atom bombası, atom nüvəsinin parçalanması nəticəsində yaranan böyük enerjidən istifadə edərək məhv olur. Bu proses "nüvə parçalanması" adlanır. Əsas prinsiplər aşağıdakılardır:


Parçalanma reaksiyası:

Atom bombasının nüvəsində uran-235 və ya plutonium-239 kimi ağır atomlar var. Bu atomlara bir neytron dəydikdə, nüvə parçalanır və böyük miqdarda enerji ayrılır.


Zəncirvari reaksiya:

Parçalanan hər bir atom yeni neytronlar buraxır. Bu neytronlar daha sonra ətrafdakı digər atomları vurur və reaksiyanı güclü edir. Bu zəncirvari reaksiya sürətlə idarə olunmadan irəliləyir və böyük bir partlayış yaradır.


Kritik kütlə:

Zəncirvari reaksiyanın başlaması üçün kifayət qədər miqdarda parçalanma materialı tələb olunur. Bu miqdar “kritik kütlə” adlanır. Kritik kütləyə çatdıqdan sonra reaksiya öz-özünə davam edir.


Partlayış və radiasiya:

Partlayış həddindən artıq istilik, şok dalğaları və ölümcül radiasiya yayır. Bu amillər həm ani, həm də uzunmüddətli məhvə səbəb olur.


Atom bombasının iş məntiqi sadə fikir kimi görünsə də, onun arxasında duran fiziki və mühəndislik prosesləri kifayət qədər mürəkkəbdir və böyük təcrübə tələb edir.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et