Bu gün:

Perunun Baş naziri istefa verib


Perunun Baş naziri Qustavo Adrianzen konqresdə keçirilən etimadsızlıq səsverməsindən sonra vəzifəsindən istefa verdiyini açıqlayıb.
Paytaxt Limada xalqa müraciət edən Adrianzen prezident Dina Boluarteyə istefa ərizəsini təqdim etdiyini bildirib. O, çıxışında belə deyib: “Cənab Prezident, ölkənin maraqları naminə bu gün sizə bildirmək istəyirəm ki, Nazirlər Şurasının sədri vəzifəsindən dönməz şəkildə istefa verirəm.”

Ölkənin çətin günlərində üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirdiyini vurğulayan Adrianzen əlavə edib: “Əminəm ki, bu gün tamamladığımız tarixin səhifələri yalnız övladlarımızın və nəvələrimizin oxuyacağı səhifələr olacaq. Yalnız bundan sonra ədalət öz yerini tapacaq.”

Peru mediasının məlumatına görə, müxalifət partiyaları Adrianzenin ölkədə artan zorakılığa qarşı mübarizədə qeyri-effektiv olduğunu əsas gətirərək Konqresə ona qarşı etimadsızlıq təklifi təqdim ediblər.

Xüsusilə Perunun Pataz bölgəsində 13 şaxtaçının qaçırılaraq qətlə yetirilməsindən sonra Adrianzen ciddi tənqidlərə məruz qalıb.

Ölkədə cinayət nisbətlərinin artması və hökumətin təhlükəsizlik sahəsində yetərli tədbirlər görə bilməməsi Peruda siyasi qeyri-sabitliyi daha da dərinləşdirib.

Mənbə: Haber Global

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et