ABŞ Prezidenti Donald Tramp bu həftə verdiyi açıqlamada Rusiya və Ukrayna arasında Türkiyədə keçirilməsi planlaşdırılan sülh danışıqlarında iştirak etməyə hazır olduğunu bildirib. Bu onun ikinci prezidentlik dönəmində ilk xarici səfəri çərçivəsində Körfəz ölkələrinə — Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə etdiyi səfərlə eyni vaxta təsadüf edir.

Bazar günü Ağ Evdə jurnalistlərə verdiyi müsahibədə Tramp deyib:
“Əslində Türkiyəyə uçmağı düşünürəm, amma cümə axşamı harada olacağımı bilmirəm. Çoxlu görüşlərim var”.
ABŞ prezidentinin bu niyyəti Ukrayna tərəfindən də müsbət qarşılanıb. Prezident Zelenski Trampın danışıqlarda iştirakını “təqdir edəcəyini” bildirib və onu Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşə çağırışında dəstəklədiyini söyləyib.
Axşam müraciətində Zelenski vurğulayıb:
“Prezident Trampın görüşü tam dəstəkləməsi vacibdir və biz onun Türkiyədə olmaq fürsəti tapmasını istərdik”.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə türkiyəli həmkarı Hakan Fidanla telefon danışığında Putinin təklif etdiyi sülh danışıqları barədə müzakirə aparsa da, Rusiya XİN-in açıqlamasında Putinin danışıqlarda iştirak edib-etməyəcəyi barədə heç bir məlumat verilməyib.
Zelenski çıxışında əlavə edib:
“Ukrayna hər zaman diplomatiyanı dəstəkləyir. Mən Türkiyədə olmağa hazıram. Təəssüf ki, dünya atəşkəslə bağlı çoxsaylı təkliflərə baxmayaraq Rusiyadan hələ də dəqiq cavab almayıb”.
Ukrayna lideri, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdığını, onun isə görüşə ev sahibliyi etməyə tam hazır olduğunu vurğulayıb. Kreml də Putinin bazar günü Ərdoğanla danışdığını və onun sülh danışıqları təşəbbüsünü tam dəstəklədiyini, İstanbulun isə potensial məkan kimi təklif olunduğunu açıqlayıb.
Bundan əlavə, Tramp administrasiyası, Rusiya və Ukrayna arasında sülh əldə etmək cəhdlərinin nəticəsiz qalmasından getdikcə daha çox narahat olduqlarını qeyd edib.
Mənbə:CNN
Tərcümə etdi:Rəna Qarayeva
