12 iyun 1962-ci ildə üç adam Alkatrazdan qaçıb və bir daha görünməyiblər. Frank Morris və Anglin qardaşlarının son taleyi sirr olaraq qalsa da, ABŞ-nin ən təhlükəsiz həbsxanasından qaçmaq üçün göstərdikləri zəkalı və qətiyyətli plan bu gün də maraq doğurmağa davam edir.

Alkatraz əvvəlcə körfəz girişini qorumaq üçün hərbi istehkam olaraq tikilib. ABŞ Vətəndaş Müharibəsi zamanı adanın təcrid olunması, dik qayaları və ətrafındakı sürətli, soyuq cərəyanları səbəbindən buraya Cənub Konfederasiyası əsgərləri əsir kimi yerləşdirilib. XX əsrin əvvəllərində hərbi həbsxanaya çevrilib.
1930-cu illərdə ABŞ-də spirt qadağası dövründə artan təşkilatlı cinayətkarlıqla mübarizə məqsədilə Ədliyyə Nazirliyi tərəfindən nəzarətə alınıb. Tezliklə federal sistemin ən təhlükəli məhkumları bura göndərilib. Məşhur məhkumlar arasında Al Kapone, Miki Koen, Corc “Avtomat” Kelli və “Alkatrazın quş adamı” kimi tanınan qatil Robert Straud da var idi.
Frank Li Morris də adaya gətirilib. O, 11 yaşında yetim qalıb, 13 yaşında ilk cinayətini törədib. Həyatının çox hissəsini müxtəlif həbsxanalarda keçirib. Ağıllı biri kimi tanınan Morris narkotikdən silahlı soyğunçuluğa qədər müxtəlif cinayətlərə görə mühakimə olunub, xüsusilə həbsxanadan qaçışları ilə seçilib. 1960-cı ilin yanvarında Luiziana ştatı həbsxanasından qaçdığına görə Alkatraza göndərilib. Ora gələn kimi qaçış planları qurmağa başlayıb. Onunla eyni blokda banka soyğunçuluqda təqsirli bilinən Con və Klarens Anglin qardaşları, həmçinin 1957-ci ildən Alkatrazda olan Allen Uest də var idi. Bu şəxslər bir-birlərini əvvəlki həbsxanalardan tanıyıblar və yanaşı zindanlarda olduqları üçün gecələr bir-birilə ünsiyyət qura biliblər.
Morrisin rəhbərliyi ilə dörd məhkum bir neçə ay ərzində ağıllı və cəsarətli qaçış planı hazırlayıb. Onlar lavabonun altındakı hava ventilyasiyasının ətrafındakı duzdan zədələnən betonu qazmaq üçün yeməkxanadan oğurladıqları qaşıqlardan, tozsoran mühərrikindən düzəldilən qazmadan və mişar bıçaqlarından istifadə ediblər. Səsin eşidilməməsi üçün Morris gündə bir saatlıq musiqi saatında akkordeon çalıb. Deşik vasitəsilə qorunmayan texniki koridora keçərək kameraların üstündəki boş sahəyə çıxıblar və orada gizli emalatxana qurublar. Kameradakı dəlikləri kağız və yapışqanla hazırladıqları saxta ventilyasiya barmaqlıqları ilə örtüblər. Daha sonra onlar 6x14 fut ölçüsündə bir rezin və 50-dən çox yağış plaşından xilasetmə jiletləri düzəldiblər. Qayığı möhürləmək üçün həbsxananın buxar borularından istifadə ediblər. Akkordeonu hava vurmaq üçün alətə çeviriblər, taxta parçalarından isə avarlar hazırlayıblar.
Gecə yoxlamaları zamanı yerində olduqlarını göstərmək üçün sabun, diş məcunu və tualet kağızından insan başları düzəldiblər, bərbərxanadan saç yığaraq bu başlara yapışdırıblar və oğurladıqları boyalarla rəngləyiblər. Yorğan-döşək altına paltar və dəsmallar qoyub insan bədəni forması veriblər. Qaçış üçün 30 fut (9.1 m) hündürlüyündə şaquli boruya dırmaşıb ventilyasiya çıxışını açıblar və sabundan düzəltdikləri boltla orada saxlayıblar.
1962-ci il iyunun 11-dən 12-nə keçən gecə planı həyata keçirmək zamanı gəlib. Saxta başlar və yataq formaları ilə gözətçiləri aldatdıqdan sonra Morris və Anglin qardaşları kameradan çıxıblar. Uest çöldəki dəliyi aça bilmədiyi üçün geridə qalıb. Digərləri damdan keçib, 12 fut hündürlüyündə iki tikanlı məftilli hasarı aşaraq sahilə çatıblar. Orada salı şişirdib dənizə yollayıblar. Səhər çağı gözətçilər saxta başları görəndə həyəcan siqnalı çalınıb. Həbsxana dərhal bağlanıb və genişmiqyaslı axtarış başlayıb. 14 iyunda sahildə avar, eyni gün Anglin qardaşlarının şəxsi əşyaları, bir həftə sonra isə salın qalıqları və xilasedici jilet tapılıb. Ancaq qaçanlardan heç bir iz tapılmayıb. Rəsmi versiyaya görə, qaçanlar soyuq və güclü cərəyanlı suda boğularaq ölüblər. Alkatraz 1963-cü ildə həm binanın bərbad vəziyyəti, həm də yüksək xərclər səbəbilə bağlanıb.
Mənbə: BBC news
Tərcümə etdi: Nigar Muştaqova
