Silahlı İsrail təhlükəsizlik qüvvələri İsrailin ilhaq etdiyi Şərqi Qüdsdə BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi (UNRWA) tərəfindən idarə olunan 3 məktəbi bağlamağa məcbur edib.
Yüzlərlə fələstinli şagird cümə axşamı səhər dərslər başladıqdan sonra Şuafat qaçqın düşərgəsindəki məktəblərdən evlərinə göndərilib. UNRWA-nın baş komissarı Filip Lazzarini bildirib ki, İsrail rəsmiləri uşaqların əsas təhsil hüquqlarını rədd edir və onları “beynəlxalq hüquqa açıq-aşkar etinasızlıq”da ittiham edir.
İsrailin UNRWA-ya qadağası bu ilin əvvəlində qüvvəyə minib və İsrail agentliyi UNRWA-nı HƏMAS-ın strukturlarına sızmaqda ittiham edir. UNRWA bu iddianı rədd edir və qurumun qərəzsiz fəaliyyət göstərdiyini israr edir.
Yayımlanan videolarda İsrail qüvvələrinin məktəbin qarşısına gəlməsindən sonra Şuafatdakı bir məktəbin qarşısında forma geyinmiş qızların bir-birini qucaqladığı anlar əks olunub. Məktəbin divarına vurulmuş bağlanma əmri sənədində qeyd olunur: “Təhsil müəssisələrinin fəaliyyət göstərməsi, müəllimlərin, pedaqoji heyətin və ya hər hansı digər işçilərin işə cəlb olunması qadağan ediləcək, şagirdlərin yerləşdirilməsi və ya bu müəssisəyə daxil olmalarına icazə verilməyəcək”.
UNRWA bildirib ki, həmin məktəblərdə 6-15 yaş arası 550-dən çox şagird təhsil alırdı və əməkdaşlarından biri saxlanılıb. Qurumun direktoru isə vəziyyəti "təhsil imkanlarını dərhal itirmək riski ilə üzləşən azyaşlı uşaqlar üçün travmatik bir təcrübə" kimi qiymətləndirib.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva