Aerodinamik avtomobillərdən ay mənzərəsini xatırladan həcimli oturacaqlara qədər pop mədəniyyət və dizayn kosmosa yönəlir. 1960-cı illərin futuristik interyerləri kosmik yarışla eyni vaxtda meydana gəlib və bu estetika bu gün yenidən populyardır.

Bu ilin iyulunda nümayiş olunacaq Marvel studiyasının yeni filmi “Fantastic Four: First Steps” dairəvi batırılan divan düzülüşlü qonaq otağı və parlaq ağ dairəvi yan masalarla, eləcə də həddindən artıq böyük qanadlı avtomobillərlə diqqət çəkir. Bu, adi bir döyüş-macəra filmindən gözləniləcək üslub deyil. Dizaynerlər texnoloji maqnatlar, sənət kolleksiyaçıları, moda yaradıcıları və pop ulduzları üçün “Kaliforniya Kosmik Dövrü” estetikasını qəbul edirlər.
Əsl həyatda isə, bəzi ABŞ interyer dizaynerləri kosmik dövr estetikasını olduqca dəbli edib. Giampiero Tagliaferri bu estetikanı qəbul edən dizaynerlərdəndir. Onun dizayn etdiyi evlərdə spiral formalı parlaq ağ pilləkənlər var. Dizayner Kelly Wearstler-in Malibu sahilindəki şəxsi evi də kosmik dövr dizaynı ilə doludur.
Kosmik dövrün işıqlandırma üslubu da yenidən dəbdədir, məsələn, Verner Panton-un 1969-cu il sferik asma lampası. Mobilya brendləri də bu tendensiyanı hiss edir. Paulin brendi 1970-ci illərin əvvəllərinə aid Pierre Paulin-in kosmik dövr dizaynlarını yenidən təqdim edir. Xüsusilə onun Dune Ensemble modullu oturacaq sistemi – planet səthini xatırladan bu dizayn musiqiçilər və influencerlər arasında çox populyardır.
Almaniyanın Vitra Dizayn Muzeyində nümayiş etdirilən Elm Fantastikası Dizaynı: Kosmik Dövr-dən Metavers-a sərgisi kosmik dövr dizaynerlərinin film sənayesinə necə təsir etdiyini nümayiş etdirir.
Milan Dizayn Həftəsində isə Loro Piana və Dimorestudio tərəfindən təşkil edilən "La Prima Notte di Quiete" adlı sərgi 1970-ci illərin kinoya xas, idealizə olunan, İtalo-Kaliforniya üslublu kosmik dövr mənzilini təqdim edir: batırılan söhbət guşələri, dairəvi çarpayılar, kub formalı divar işıqları və retro oturacaqlar.
Bu estetika öz köklərini ilk kosmik yarışdan alır: 1957-ci ildə Sovetlər tərəfindən Sputnik peykinin buraxılması ilə başlayan və 1960-cı illərdə NASA-nın Apollo proqramı ilə davam edən dövr. Bu hadisələr bütün dünyada medianın diqqətini çəkib və insanlar insanlığın yeni bir dövrə qədəm qoyduğuna inanıblar.
Mənbə: Bbc news
Tərcümə etdi: Nigar Muştaqova
