Bu gün:

“Pianoda gənc qızlar” - Auguste Renoir


"İncəsənətin inciləri" rubrikası Auguste Renoirin “Pianoda gənc qızlar” əsərini təqdim edir. 

Bu əsər rəssamın qadın gözəlliyinə və gəncliyə olan sənətkar yanaşmasının bənzərsiz nümunəsidir. Tabloda pianonun arxasında əyləşmiş iki gənc qız təsvir olunur. Onların duruşunda, baxışlarında və hərəkətlərində təbii bir ahəng, sakit bir poetika duyulur.

Bu əsər Renoirin impressionist dövründən sonrakı mərhələsini təmsil edir. Burada artıq klassik impressionizmin dağınıq fırça vuruşlarından çox, daha yumşaq, axıcı və şəffaf bir texnika nəzərə çarpır. Rənglərin nazik qatlarla tətbiqi, kompozisiyanın sadəliyi və qızların təbii, bəzəksiz geyimləri sənətkara xas incə realizmi ön plana çıxarır.

Renoir modellərin onun üçün ilham mənbəyi olduğunu açıq şəkildə ifadə edirdi: “Modelsiz ola bilmərəm. Boğazı, qarın qırışlarını çəkməyi sevirəm”. Bu yanaşma onun sənətə olan dərin münasibətini və insan bədəninin estetikasına verdiyi önəmi göstərir.

Əsərin maraqlı tərəflərindən biri də onun müxtəlif versiyalarda işlənməsidir. Renoir bu tabloyu dövlət sifarişi üçün hazırlayıb və bu, onun yaradıcılığında yeni bir tanınma mərhələsinin başlanğıcı olub.

“Pianoda gənc qızlar” eyni zamanda Renoirin sənət fəlsəfəsinin, zəriflik, harmoniya və gəncliyə duyulan sevginin təcəssümüdür.



Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et