İsrail ordusu Yəmənin paytaxtı Sənada husilərin nəzarətində olan əsas hava limanını "tamamilə sıradan çıxardığını" bildirib.
Reuters xəbər agentliyinin hava limanındakı mənbələrə istinadən verdiyi məlumata görə, çərşənbə axşamı həyata keçirilən zərbələr 3 mülki təyyarəni, uçuş zalını, uçuş-enmə zolağını və hərbi hava bazasını hədəf alıb. Husilər isə bu hücuma cavab verəcəklərini bildiriblər.
Hücum İranın dəstəklədiyi husilərin İsrailin əsas hava limanı yaxınlığına raket ataraq onu qısa müddətə bağlamağa məcbur etməsindən 2 gün sonraya təsadüf edib.
Bazar ertəsi İsrail buna cavab olaraq Yəmənin Hudeyda limanına zərbələr endirib. İsrail Yəməndə husilərə qarşı bundan əvvəl də bir neçə dəfə hücumlar həyata keçirib, o cümlədən yanvar ayında elektrik stansiyalarını və limanları, dekabrda isə Səna hava limanını hədəf alıb.
İsrail Müdafiə Qüvvələri (IDF) "uçuş zolaqlarına, təyyarələrə və hava limanındakı infrastruktura" zərbələr endirdiyini bildirib. Qüvvələrin məlumatına görə, husilər həmin hava limanından "silahları və əməliyyatçıları ötürmək" üçün istifadə ediblər.
IDF husilərin istifadə etdiyi və "əhəmiyyətli elektrik təchizatı infrastrukturu" hesab etdiyi Sənadakı elektrik stansiyalarını, eləcə də şəhərin şimalında yerləşən əl-İmran sement zavodunu da vurduğunu açıqlayıb.
Husilər isə İsrailin "təcavüzünün cavabsız qalmayacağını və Yəmənin Qəzzaya dəstək mövqeyindən geri çəkilməyəcəyini" bəyan ediblər.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
