Bu gün:

Qaradərili dendi stili


Qaradərili dendi stili 2025-ci ilin yazında Metropolitan İncəsənət Muzeyində keçiriləcək “Superfine: Tailoring Black Style” adlı sərginin əsas mövzusudur. Dendi yalnız yaxşı görünməyə çalışan deyil, həm də geyimi ilə kimliyini və fərdiliyini ifadə edən bəzəkli geyimli kişi obrazıdır. Qaradərili dendi üslubu isə məhdudiyyətlərə qarşı çıxış, qaradərili kimliyinin bayramı və tarixi bir müqavimət hərəkatıdır.

Metropolitan Muzeyindəki sərgidə nümayiş etdirilən 1885-ci il tarixli aktivist Frederick Douglassın zərif geyimli portreti də bu tarixə işarə edir. Monica L. Miller-in 2009-cu ildə nəşr etdiyi “Slaves to Fashion: Black Dandyism and the Styling of Black Diasporic Identity” kitabında yazdığı kimi, qaradərili dendi üslubu paltarla başlamayıb, əslində paltarsızlıqdan doğub. Afrikadan kölə kimi gətirilən insanlar “fiziki və məcazi olaraq çılpaq” olublar və Avropa/Amerika modası onlara zorla tətbiq edilib. Dendi üslubu buna cavab olaraq, özünü müəyyənləşdirmə və yeni sosial-siyasi imkanları təsəvvür etmə arzusu ilə yaranıb. Bu sərgi Miller-in kitabından ilham alaraq, son 300 ildən artıq bir müddətdə kişilər üçün dəbin və xüsusilə dendi stilinin Atlantik okeanı ətrafındakı qaradərili kimliklərin formalaşmasındakı rolunu araşdırır.  
1848-ci ildə Ellen Craft və əri William köləlikdən qaçmaq üçün dendi üslubunda paltarlarla özlərini gizlədiblər. Ellen ağ dərili xəstə kişi kimi, William isə onun qulluqçusu kimi geyinib. William özünə “çox yaxşı ikinci əl bir ağ beaver papağı” alanda, az qala tutulacaqdılar. Amma bu dendi tərzi onların azadlığa qaçışını təmin edib. 1865-ci ildə köləlik ləğv edildikdən sonra, bir çox qaradərili amerikalı Şimal şəhərlərinə köç edərək, ilk dəfə böyük qaradərili şəhər icmaları formalaşdırıblar. 1920-30-cu illərdə Harlem bu icmalardan biri idi və Harlem Renessansı dövründə geyim azadlığın simvoluna çevrilib. 1917-ci ildə 10.000 qaradərili Fifth Avenue boyunca Səssiz Etiraz Paradında iştirak edib: kişilər qara kostyumda, qadın və uşaqlar isə ağ geyimdə olublar. Bu, zəriflik və nəzarətin nümayişi, zorakılığa qarşı sivil bir etiraz olub.

Zoot kostyumu 1930-cu illərdə Harlem rəqs zallarında ortaya çıxıb, böyük çiyin yastıqları, enli yaxalar, balon şalvarlar və şlyapa ilə tamamlanan bir tərz olub. Malcolm X, Dizzy Gillespie, Cab Calloway kimi tanınan şəxslər bu stili geyiniblər. Bu geyim öz yerini almaq və azad hərəkət etmək istəyini simvolizə edib. 1940-cı illərdə parça qıtlığı səbəbilə zoot kostyumlarına qarşı çıxılıb. Los Ancelesdə ağ moblar qaradərililərin geyimlərini cırıb, paltarlarını bıçaqla parçalayıblar. Amma bu üslub çox güclü olub və 1980-ci illərdə Kid Creole and the Coconuts qrupunda, daha sonra isə MC Hammerin ikonik “Hammer pants” şalvarlarında geri dönüb. Andre Leon Talley (1948–2022) – US Vogue jurnalının ilk qaradərili kreativ direktoru “dendilərin dendisidir”. O, geyimlə öz tarixini danışıb və onun ən çox sevdiyi şəkillərdən biri 1980-ci illərdə geyindiyi panelli Morty Sills kostyumuyla çəkilən fotodur.

Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova





Paylaş
Şərh əlavə et