Çəhrayı ikiüzlü bir rəngdir. Qırmızı səs-küylü və ehtiraslı, ağ isə səliqəli və təmiz olduğu halda, çəhrayı hər iki istiqamətdə təsir göstərir. 
“Çəhrayı” sözü bu gün bildiyimiz zərif qızılgül tonunu ifadə etməzdən çox əvvəl, Londonun cinayət aləmində daha az zərif və ətirli bir mənada – iti bıçaqla kimisə bıçaqlamaq anlamında istifadə olunub. 17-ci əsrə aid “Dilənçilər, mağaza oğruları, quldurlar, soyğunçular və digər fırıldaqçılar dəstələrinin” küçə jarqonunu izah edən bir lüğətdə bu söz belə təsvir olunur: “O, onun gödəkçəsini çəhrayı edib”, yəni, “Ona bıçaqla vurub, onu yaralayıb”.
Bu qeyri-adi dil keçidi-ölümcül bıçaq zərbəsindən yumşaq rəngə keçid – nə vaxt baş verib, dəqiq bilinmir. Amma bu cazibədar ton 18-ci əsrdə rəng çarxına “çəhrayı” adı ilə daxil edilməzdən çox əvvəl belə, mədəniyyəti utandırıb və həyəcanlandırıb. Bəzən cazibədar, bəzən isə masum olan çəhrayı həm nazlı, həm də bic ola bilir. Əgər sənət tarixindəki palitralardan çəhrayı çıxarılsa, təsvir sənətinin incə bir qatmanı itər. Deqasın rəqqasələri cansız qalar, Pikassonun “çəhrayı dövrü” isə anlamını itirər. Çəhrayının rəssamlıqda əsas element kimi qəbul edilməsinin önəmli anlarından biri, İntibah dövrü italyan rəssamı Fra Ancelikonun 15-ci əsrin ortalarında Florensiyadakı San Marko monastırında yaratdığı “Müjdələmə” freskasıdır. Bu əsər Meryemə İsa peyğəmbərin anası olacağı xəbərinin verildiyi Yeni Əhdi-Cədid səhnəsini təsvir edir. Mistik ruhani yüksəliş hissini oyadan bu rəsm əsəri rəssamın mələyi – baş mələk Cəbrayılı – çəhrayı rəngdə təsvir etməsi ilə xüsusilə diqqət çəkir.
Fra Anceliko çəhrayı ilə Cəbrayılı bədən və qanla canlandırır və ilahi ruh ilə maddi bədən arasındakı sərhədi pozur. Bu freskodan sonra çəhrayı rəngə heç kim əvvəlki kimi baxa bilməyib. Növbəti əsrlərdə rəssamlar bu rəngi sərhədlərin bulanıqlığı kimi istifadə etməyə başlayıblar. Renessans ustası Rafael tərəfindən 1506-cı ildə çəkilən “Çəhrayı Məryəm” tablosunda, körpə İsanın Məryəmə verdiyi qızaran qərənfil sadə görünə bilər. Amma bu çiçək dini inanca görə Məryəm İsanın çarmıxa çəkilməsi zamanı ağlayanda yaranıb – bu səbəblə rəsm əsərində onun varlığı zamanın xəttində mistik bir qırılma yaradır.18-ci əsrə gəldikdə isə, çəhrayı artıq dini simvollardan uzaqlaşaraq, dünyəvi və cazibədar qadınların rəmzinə çevrilib. Fransız rəssam Maurice Quentin de La Tour və İngilis rəssam George Romney kimi sənətkarlar məşhur məşuqələri – Pompadur markizasını və Emma Hamiltonu – çəhrayı geyimlərdə təsvir ediblər. Pompadurun təşəbbüsü ilə Sevr porselen fabriki mavi və qara ilə qarışdırılan yeni bir çəhrayı tonu istehsal edib. Pompadur üçün çəhrayı artıq yalnız bir aksessuar deyil, onun şəxsiyyətinin ayrılmaz hissəsi olub. Jean-Honore Fragonard tərəfindən 1767-ci ildə çəkilən “Yelləncək” tablosu çəhrayının ruhani aləmdən dünyəviyə keçidini parlaq şəkildə əks etdirir. Tablo yelləncəkdəki qızın havada olan ayaqqabısı və ətrafdakı kişilərin gizli baxışları ilə ehtiras və oyunbazlığı təmsil edir. 20-ci əsrin ortalarında, Kanadalı-amerikalı rəssam Philip Guston abstrakt sənətdən uzaqlaşıb, təmsili sənətə qayıdıb və çəhrayını Ku Klux Klan-ı xatırladan personajlarda istifadə edərək bu rəngi təxribatçı formada təqdim edib. Bu dövrdə çəhrayı artıq Amerikada femininliklə əlaqələndirilib.
Guston çəhrayını istifadə edərək Amerikanın qaranlıq tərəflərini üzə çıxarıb. Bu vaxt psixoloq Aleksandr Şaus “Baker-Miller Pink” adlanan və cəza müəssisələrində insan davranışlarını sakitləşdirdiyi göstərilən çəhrayı tonunu inkişaf etdirib. Anish Kapoor, ən qara ton – Vantablack – üzərində eksklüziv hüquqlar əldə etdikdən sonra, rəssam Stuart Semple “dünyanın ən çəhrayı çəhrayısı”nı hazırlayıb. Bu rəngi yalnız Kapoor və onun yaxınları olmayan insanlara satıb. Bu da rəng üzərində bir növ rəssamlararası duelə çevirib.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
