Bu gün:

Tramp İrandan neft alan ölkələri hədələyib


İran və ABŞ nüvə enerjisi üzrə yeni sazişin dördüncü mərhələsinə hazırlaşır.

Vaşinqton mayın 3-nə planlaşdırılan danışıqların dördüncü raundu öncəsi aprelin 30-da İrana qarşı sanksiyaları pozduğu iddiası ilə yeddi şirkətə sanksiya tətbiq edib.

Sanksiyaya məruz qalan şirkətlərdən dördü Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ), ikisi isə İrandadır. Siyahıda Türkiyə mərkəzli bir şirkət də var.

Bu addımın ardınca tərəflər arasında vasitəçilik edən Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi Romada keçiriləcək danışıqların dördüncü raundunun “logistik səbəblərə görə” daha irəli bir təxirə salındığını açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi: "Sanksiyalar amerikalı qərar qəbul edənlərin ziddiyyətli yanaşmasının və diplomatiya yolunda irəliləyişdə xoşməramlılıq və ciddiliyin olmamasının açıq sübutudur",-deyə bildirib.

Qarşılıqlı qarşıdurmadan sonra ABŞ prezidenti Donald Tramp mayın 1-də "Truth" sosial media platformasında etdiyi paylaşımda İrandan neft və neft-kimya məhsulları alanları hədələyib: "İran neftinin və neft-kimya məhsullarının bütün alışları dərhal dayandırılmalıdır. İrandan istənilən miqdarda neft və ya neft-kimya məhsulu alan istənilən ölkə və ya şəxs dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq",-sözlərini yazıb.


Mənbə:BBC

Tərcümə etdi: Səyyarə Mirzəyeva


Paylaş
Şərh əlavə et