
İsraildə, Qüds ətrafında güclü meşə yanğınları ikinci gündür davam edir. Yanğınsöndürənlər, küləyin güclənməsindən əvvəl alovlara nəzarət etməyə çalışırlar. Bu, son illərin ən ciddi yanğınlarından biri hesab olunur.
Yanğınlar səbəbilə Tel-Əviv-Qüds əsas avtomobil yolu müvəqqəti bağlanmış, lakin daha sonra yenidən açılmış və təxliyə edilən sakinlərin evlərinə qayıtmasına icazə verilmişdir. İsrailin Müstəqillik Günü qeyd etmələri də alovlar səbəbilə yarımçıq qalmışdır.
Baş nazir Benyamin Netanyahu yanğınların səbəbinin hələ tam məlum olmadığını deyib, lakin 18 nəfərin qəsdən yanğın törətməkdə şübhəli bilinərək saxlanıldığını bildirib. Onlardan biri hadisə yerində yaxalanıb. İsrail polisi həmçinin yanğınları sosial mediada dəstəkləyən 19 yaşlı bir fələstinlini həbs edib.
Xarici ölkələr – Xorvatiya, İtaliya və Kiprdən gələn yanğınsöndürmə təyyarələrinin dəstəyə qatılması gözlənilir. Fələstin Muxtariyyəti də kömək təklif etsə də, İsrailin yanğınsöndürmə xidməti onların iştirak etməyəcəyini bildirib.
İsrail meşə və açıq ərazilərdə alov yandırmağı 7 may tarixinədək qadağan edib, lakin müəyyən zonalarda manqallar hələ də icazəlidir. Bayram münasibətilə park və çimərliklərə axın edən israillilər üçün bu qaydalar xüsusi əhəmiyyət kəsb edir.
Mənbə:The New York Times
Tərcümə etdi:Fatimə Cabbarlı
