Bu gün:

İnsanlar niyə digər məməlilər kimi tüklü deyil?


Güzgüyə baxanda heç başınızda saç, bədəninizdə isə nazik tük olmasının səbəbini düşündünüzmü? Ətrafımızdakı məməlilərin çoxunun qalın kürkü var, amma insanlar bu baxımdan xeyli fərqlənir. Əslində təkcə insanlar deyil, fillər və kərgədanlar da çox tüklü sayılmır. Hətta bəzi dəniz məməliləri – məsələn balinalar və delfinlər də tüksüzlər qrupuna daxildir. Bəs niyə? Gəlin birlikdə baxaq! 

Tüklər və saçlar heyvanlar üçün həyati funksiyalar daşıyır. İstini qoruyur, dərini günəşdən və zədələrdən müdafiə edir və ətraf mühitə uyğunlaşmağa kömək edir. Eyni zamanda ətrafımızda baş verənləri hiss etməyimizi təmin edir; məsələn, nəyinsə bizə toxunmağa yaxın olduğunu hiss etdiyimizdə yaranan yüngül gıdıqlanma hissi məhz tüklərimiz sayəsində mümkün olur.


İnsanların da bədənində tüklər var, lakin onlar adətən daha nazik və seyrəkdir. Xüsusilə başımızdakı saçlar günəşdən qorunmaq üçün olduqca vacibdir. Yetkin insanlarda qoltuqaltı və qasıq bölgəsində çıxan qalın tüklər dəridə sürtünməni azaltmaq və təri yayaraq bədəni sərinlətmək kimi funksiyalara malikdir.


Bəs insanlar niyə bu qədər çox tük itirib? Təxminən 7 milyon il əvvəl, insanın əcdadları ilə şimpanzelər fərqli təkamül yollarına ayrıldı və insan növü zamanla tüklərini itirməyə başlayıb. Bu dəyişimin dəqiq səbəbi məlum olmasa da, tərləmə bu prosesdə böyük rol oynamış ola bilər. İnsanların digər məməlilərə nisbətən daha çox tər vəzilərinə malik olması bizi sərin saxlayan bir daxili soyutma sistemini təmin edib.


Tər dəridən buxarlanarkən bədən istiliyini də özü ilə aparır və xüsusilə isti Afrikada yaşamış əcdadlarımız üçün bu, həyati əhəmiyyət kəsb edirdi. Qalın kürk olmadan tərləyə bilmək uzun məsafələrdə ov etmə metodlarını mümkün edirdi. Sürətli qaçmaq yerinə dayanmadan qaçaraq ovlarını isti havada yorub yaxalamaq əcdadlarımızın üstünlüyü idi.


Alimlərin 62 fərqli məməli növünü müqayisə etdiyi bir araşdırma tüklənməni idarə edən genlərə işıq salıb. İnsanlar bir kürk yaratmaq üçün lazım olan bütün genlərə hələ də sahibdirlər; fərq ondadır ki, bu genlərin bəziləri söndürülüb. Yəni bədənimiz əslində potensial olaraq çox tüklü ola bilərdi, amma genetik “açarlar” sönük vəziyyətdədir.


Nadir hallarda rast gəlinən hipertrikoz (qurdadam sindromu) kimi hallar isə bu genlərin gözlənilmədən aktivləşməsi ilə baş verir.



Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli


Paylaş
Şərh əlavə et