Bu gün:

“Əllər ona müqavimət göstərir” - Bill Stounhem


"İncəsənətin inciləri" rubrikası "Əllər Ona müqavimət göstərir" əsərini təqdim edir.

1972-ci ildə amerikalı rəssam Bill Stoneham "Əllər ona müqavimət göstərir" ("The hands resist him") adlı bu əsəri yaradanda heç kimin ağlına gəlməzdi ki, bu rəsmin adı əfsanəyə çevriləcək. Tablonun ilham mənbəyi Stonehamın uşaqlıq fotosu və bir şeir olub. İlk dəfə isə Kaliforniyada bir qalereyada sərgilənib.

Rəsmdə iki fiqur var: bir oğlan uşağı və bir qız kuklası. Onlar köhnə bir şüşəli qapının önündə dayanıb. Arxa planda isə, qapının arxasında, qaranlıq içində saysız-hesabsız əllər görünür. Sanki divardan çıxıb onlara çatmağa çalışır.

Oğlan ciddi və ifadəsiz bir üzlə qabağa baxır. Yanındakı kukla isə qəribə dərəcədə canlı görünür. Əllərində bir cihaz tutur, bəzi şərhlərə görə bu, uşağı real dünya ilə ruhlar dünyası arasında "keçid" etmək üçün bir növ açardır.

Bu əsərdə təsvir olunan qaranlıq pəncərənin arxasındakı əllər, uşaqla kukla arasında gizli bir hekayə varmış kimi görünür. Bəlkə də oğlan o dünyadan qaçmağa çalışır, ya da özü də fərqində olmadan artıq o dünyanın bir parçasıdır. Kukla isə onun bələdçisidir. İnsan görkəmli, amma ruhani bir varlıqdır.

Bütün bunlar "Əllər ona müqavimət göstərir" əsərini yalnız bir tablo yox, sanki bir film kadrı kimi edir. Hər baxışda yeni bir sirr açılır.

Tablonun özü də zamanla "lənətli" adını alıb. Onu alanlar qəribə hadisələrin baş verdiyini iddia ediblər. Amma bəlkə də, bu sadəcə onun içində gizlənən emosiyaların çox güclü olması ilə bağlıdır. Sonda bir həqiqət ortaya çıxır: Ən böyük qorxu susqunluq içində gizlənir.


Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et