Bu gün:

Titanikdən sağ çıxanın “peyğəmbərcəsinə” məktubu hərraca çıxarılır


Titanik faciəsindən sağ çıxan ən məşhur şəxslərdən birinin yazdığı “peyğəmbərcəsinə” məktubun hərracda 60 min funt sterlinqə qədər qiymət alacağı gözlənilir.

Polkovnik Arçibald Qreysi tərəfindən səyahət zamanı yazılan məktubda o, “bu gözəl gəmi” haqqında hökm verməzdən əvvəl “səfərimin sonunu gözləyəcəyəm” deyə bildirib.


O həmçinin Titanikdə yaşadıqlarını xatırladığı “Titanik haqqında həqiqət” adlı kitab da yazıb. Titanik 15 aprel 1912-ci ildə batarkən 1500 nəfərin həyatına son qoyub.


Polkovnik Qreysi tərsinə çevrilmiş xilasedici qayığa çıxaraq xilas olub, lakin sağlamlığı bərpa olunmayıb və səkkiz ay sonra vəfat edib.


Bu yüksək nüfuzlu sərnişinin məktubu 10 aprel 1912-ci il tarixlidir və 11 aprel tarixində İrlandiyanın Kuinstaun şəhərində, 12 apreldə isə Londonda poçt möhürü vurulub.


Məktub dörd səhifəlikdir və satıcının böyük əmisi – polkovnik Qreysinin tanışı olan şəxsə ünvanlanıb.


Qreysi məktubda yazırdı: “Bu, gözəl gəmi olsa da, onun haqqında hökm verməzdən əvvəl səfərimin sonunu gözləyəcəyəm”.


O, həmçinin yazırdı: “Oşenik (Oceanic) mənim üçün köhnə bir dost kimidir və baxmayaraq ki, o bu böyük gəmi kimi bəzəkli tərzə və müxtəlif əyləncələrə sahib deyil, onun dənizdə təhlükəsizliyi və yaxta görkəmi məni onu darıxmağa vadar edir”.


Məktubun Titanikdən yazılmış və polkovnik Qreysiyə aid yeganə mövcud nümunə olduğu düşünülür.


Məktub 26 aprel tarixində İngiltərənin Uiltşir qraflığında yerləşən Henry Aldridge and Son hərrac evində satışa çıxarılacaq.


Hərracın təşkilatçısı Endryu Aldric bildirib ki, Qreysi kimi yüksək profilli sağ qalan sərnişinlərin məktubları nadir hallarda satışa çıxarılır və bu məktub indiyə qədər heç vaxt satışa təqdim olunmayıb.


“Gözəl gəmi”


Endryu Aldric deyib: “Bu məktub öz növünün ən gözəllərindən biridir”.


“O, sadəcə Titanikdəki ən önəmli birinci sinif sərnişinlərdən biri – polkovnik Arçibald Qreysi tərəfindən yazılmayıb”.


“Eyni zamanda məktubun özündə ən peyğəmbərcəsinə sətri ehtiva edir: "Bu, gözəl bir gəmi olsa da, onun haqqında hökm verməzdən əvvəl səfərimin sonunu gözləyəcəyəm’”.


“Beş gün sonra Titanik Şimal Atlantik okeanının dibində idi”.


Polkovnik Qreysi 10 aprel tarixində Sauthemptonda Titanikə minib və birinci sinif C51 kabinəsinə yerləşdirilib.


O, səyahətin böyük bir hissəsini müşayiət olunmayan qadınları müşayiət etməklə və birinci sinif kitabxanasından kitablar oxumaqla keçirib.


Batma gecəsi Qreysi erkən yatıb, ertəsi gün səhər skvoş oynamaq üçün oyanmağa hazırlaşıb.


Gəmi buz dağını vurduğu an baş verən qəfil sarsıntı ilə oyanmış və qadınlarla uşaqları xilasedici qayığa mindirmək üçün kömək etməyə başlamışdı.


Titanikin quyruq hissəsi suyun altına qərq olanda, Qreysi bir neçə onlarla kişi ilə birlikdə tərsinə çevrilmiş xilasedici qayıqdan yapışaraq sağ qalıb.


Sonradan yazırdı ki, xilasedici qayığa çıxmağı bacaran kişilərin yarıdan çoxu gecə boyunca yorğunluqdan və soyuqdan həlak olub və sakitcə qayığın kənarından suya düşüb.


Sübh açıldıqda, polkovnik Qreysi xilasedici Karpatya (Carpathia) gəmisinin köməyi ilə Nyu-York şəhərinə qayıtmış və başına gələnləri yazmağa başlayıb. Titanikdə aldığı hipotermiya və fiziki xəsarətlər onun sağlamlığını ciddi şəkildə pozub.


2 dekabr 1912-ci ildə komaya düşüb, iki gün sonra şəkərli diabetin ağırlaşmasından vəfat edib. Onun kitabı 1913-cü ildə orijinal adı ilə, “Titanik haqqında həqiqət” olaraq çap edilib.



Mənbə: BBC

Tərcümə etdi: Fatima Farzali

Paylaş
Şərh əlavə et