Bu gün:

Sudan muzeyinin məhvi


Sudan Milli Muzeyinin ərazisində böyük heykəllər – qoçlar və aslanlar dayanıb. Bunlar Nubiya hökmdarlarının şimala, indiki Misirə doğru yürüş etdiyi dövrlərdən qalan qiymətli artefaktlar olub. Həmçinin yüzilliklər əvvələ aid gözəl xristian divar rəsmləri də burada nümayiş olunub.

Adi günlərdə məktəblilər qrupları bu milli fəxarətin qarşısında heyranlıqla dayanır, turistlər isə Xartumun ən mühüm yerlərindən biri olan muzeyi ziyarət edirlər. Hətta bəzən muzeyin həyətində konsertlər də keçirilir. Amma bütün bunlar iki il əvvəl müharibə başlamazdan öncə idi. Sudan ordusu, nəhayət, paytaxtı öz rəqibi Sürətli Dəstək Qüvvələrindən (RSF) geri alaraq nəzarəti bərpa etdikdən sonra iki illik müharibənin dağıntılarının tam miqyası üzə çıxır. Hökumət binaları, banklar və ofis binaları qaralmış və yanmış vəziyyətdədir. Muzey isə, millətin zəngin tarixinin və mədəniyyətinin simvolu, xüsusilə, ağır zərbə alıb. Yüksək vəzifəli rəsmilər bildirirlər ki, RSF-nin mərkəzi Xartuma nəzarət etdiyi dövrdə on minlərlə artefakt ya məhv edilib, ya da oğurlanaraq satılması üçün başqa yerlərə aparılıb.

Sudanın tam mərkəzində – Prezident Sarayına və Mavi Nil ilə Ağ Nil çaylarının birləşdiyi yerə yaxın yerləşən bu muzey bölgədə zamanla yaranan böyük sivilizasiyaların tarixini danışır. İndi isə muzey əməkdaşları yoxlama üçün muzeyə qayıtdıqda, onları qırıq şüşələr, yerə səpələnən güllə gilizləri və hər yerdə talançılıq izləri qarşılayıb. Muzeyin müharibədən əvvəlki və sonrakı görüntüləri bunu açıq-aydın göstərir: əvvəllər səliqəli həyət və bütöv pəncərələr, indi isə sındırılan şüşələr və əyilən çəpərlər.

Sudanın digər muzeylərində və qədim yerlərində də talançılıq halları qeydə alınıb. 2023-cü ilin sentyabrında UNESCO “mədəniyyətə təhdid” barədə xəbərdarlıq edib və sənət alverçilərinə Sudandan qaçaqmalçılıq yolu ilə çıxarılan artefaktları alıb-satmamağa çağırıb. Müharibədən əvvəl muzey bərpa işlərinə başlayıb və bu səbəbdən bir çox dəyərli əşyalar qutulara yığılıb. Bu isə onların çıxarılmasını asanlaşıra bilər.

Sudan rəsmiləri bildirirlər ki, qiymətli artefaktlar satılmaq üçün muzeydən çıxarılıb. Onlar RSF döyüşçülərinin bu dəyərləri Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) apardığından şübhələnirlər. Bununla bağlı birbaşa sübut təqdim olunmayıb. Lakin BMT-nin Sudan üzrə ekspertlər paneli RSF-nin müharibədən əvvəl də BƏƏ-yə böyük miqdarda qızıl ixrac etdiyini bildirib. BƏƏ həmçinin RSF-ni maliyyələşdirməkdə ittiham olunub, lakin hər iki tərəf bunu rədd edir. Sudan Milli Muzeyindən oğurlanan əşyaların bərpası üçün Sudan hökuməti İnterpol və UNESCO ilə əlaqə saxlamaq niyyətindədir. Lakin artefaktların geri qaytarılması çətin və təhlükəli bir vəzifə kimi görünür və yaxın gələcəkdə uğur şansı azdır.


Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova




Paylaş
Şərh əlavə et