Bu gün:

BMT agentliyi İsrailin blokadasından sonra Qəzzada ərzaq yardımını dayandırıb


Qəzzanın şimalındakı Cəbalidə qaçqın düşərgəsində insanlar isti yemək almaq üçün mətbəxlərə üz tutur. Fələstinlilər hər gün onları təxminən bir milyon isti yeməklə təmin edən ictimai mətbəxlərə ümid bağlayıblar.

BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) bildirib ki, Qəzzada ərzaq ehtiyatları tamamilə tükənib. İsrail isə artıq 7 həftədir ki, humanitar yardımın bölgəyə çatdırılmasına mane olur.

"WFP bu gün son ərzaq ehtiyatlarını isti yemək hazırlayan mətbəxlərə təhvil verib",– deyə təşkilat xəbərdarlıq edib. "Bu mətbəxlərin bir neçə gün ərzində tamamilə fəaliyyətini dayandıracağı gözlənilir".

İsrail 2 martda yardımı dayandırıb və 2 ay davam edən atəşkəsin pozulmasından 2 həftə sonra hərbi əməliyyatlarını bərpa edib. Rəsmi Tel-Əviv bildirib ki, məqsəd Həması əlində qalan girovları azad etməyə məcbur etməkdir.

BMT vurğulayıb ki, beynəlxalq hüquqa əsasən, İsrail Qəzzadakı 2,1 milyon insanın ərzaq və digər zəruri ehtiyaclarla təmin olunmasına cavabdehdir. İsrail isə beynəlxalq hüquqa əməl etdiyini və bölgədə yardım qıtlığının olmadığını iddia edir.

Mart ayının sonunda WFP tərəfindən dəstəklənən 25 çörəkbişirmə müəssisəsi buğda unu və bişirmə yanacağının tükənməsi səbəbilə fəaliyyətini dayandırıb. Ailələrə paylanan və 2 həftəlik ərzaq ehtiyacını qarşılayan yardım bağlamaları da tükənib.

Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et