Əgər heyvanlar da bizim kimi yuxu görürlərsə, bəs bizim kiçik dostlarımız yuxularında hara gedirlər? “Demək olar ki, bütün heyvanlar – istər su canlıları, istər hava canlıları, istərsə də quruda yaşayanlar – aydın şəkildə yuxuya gedirlər,” – deyə Aristotel “Yuxu və ayıqlıq haqqında” traktatında yazıb. Bəs “digər heyvanlar” yuxu görürlərmi?

Bu məsələyə dair yunan filosofunun da öz fikri olub. O, “Heyvanlar tarixi” əsərində yazıb: “Yuxuları təkcə insanlar yox, atlar, itlər, öküzlər, bundan əlavə qoyunlar, keçilər və ümumiyyətlə bütün doğumla çoxalan dördayaqlılar görürlər. Bu, itlərin yuxuda hürməsi ilə sübut olunub”. Ola bilsin ki, onun tədqiqat metodları dərinlik baxımından yetərsiz olub, lakin ehtimal etmək olar ki, Aristotel bu məsələdə tamamilə yanılmayıb.
Əlbəttə, biz heyvanlardan yuxu görürlərmi deyə soruşa bilmərik, lakin ən azından deyə bilərik ki, bunun mümkünlüyünü göstərən sübutlar mövcuddur. Alimlər, demək olar ki, bu mümkünsüz tapşırığı yerinə yetirmək üçün iki metoddan istifadə edirlər. Birinci metod – “yuxu-ayıqlıq” dövrünün müxtəlif mərhələləri zamanı heyvanların fiziki davranışlarını müşahidə etmək olub. İkinci metod isə – onların beyinlərinin yuxu zamanı bizim beynimiz kimi işləyib-işləmədiyini müəyyən etmək olub.
Yuxuda olan heyvanların şüuruna nəzər salmağa imkan verən metodların inkişafı 1960-cı illərdə başlayıb. Həmin dövrdə tibb jurnallarında insanlar tərəfindən yuxuda edilən müxtəlif hərəkətləri təsvir edən materiallar ortaya çıxıb. Bu, maraqlı olub, çünki REM adlanan yuxu mərhələsi zamanı (ingiliscə "rapid eye movement" – "sürətli göz hərəkətləri") adətən əzələlər sanki iflic olub.
Tədqiqatçılar başa düşüblər ki, heyvanları da oxşar vəziyyətə salmaq onların yuxu görüblərmi və nə gördüklərini müəyyən etməyə kömək edə bilər. 1965-ci ildə fransız alimləri Juve və Delorm pişiyin beynin "varoli körpüsü" adlanan hissəsini çıxarıblar və bunun REM mərhələsində əzələlərin hərəkətsizliyinin qarşısını aldığını aşkar ediblər. Tədqiqatçılar bu vəziyyəti “atoniya olmadan REM” və ya REM-A adlandırıblar. Pişiklər yuxuda hərəkətsiz yatmaq əvəzinə, gəzişiblər və aqressiv davranıblar. Bu isə göstərib ki, heyvanlar ayıq olduqları vaxt etdikləri hərəkətləri yuxuda da görüblər. O vaxtdan bəri aparılan tədqiqatlar oxşar davranış modellərini ortaya çıxarıb.
Fransızların apardığı tədqiqatlara rəy yazan baytar-nevropatoloq Adrian Morrisonun fikrincə, REM-A vəziyyətində olan pişiklər başlarını sanki qıcıqlandırıcıya reaksiya verirmiş kimi tərpədiblər. Bəzi pişiklər siçan ovlayan yırtıcının davranışına bənzər davranış nümayiş etdiriblər, elə bil ki, yuxularında ov ediblər. Oxşar yuxu fəaliyyəti itlərdə də müşahidə olunub.
2007-ci ildə Massaçusets Texnologiya İnstitutunun alimləri Kenuey Luis və Metyu Uilson siçanın beynində yerləşən hipokamp adlanan hissədə neyronların aktivliyini qeydiyyata alıblar. Hipokamp emosiyaların formalaşması və yaddaşın möhkəmlənməsi proseslərində iştirak edib. Əvvəlcə alimlər siçanlar labirintdə qaçarkən bu beyin hüceyrələrinin aktivliyini qeydə alıblar. Daha sonra isə eyni neyronların siçanlar yatarkən fəaliyyətini müşahidə ediblər. Luis və Uilson müəyyən ediblər ki, qaçış zamanı və REM mərhələsində neyronların oyanma sxemləri çox oxşar olub. Başqa sözlə, elə təəssürat yaranıb ki, siçanlar yuxuda labirintdə qaçıblar.
Biz, insanlar, bəzən yuxuda olduğumuzu anlamırıq – bu, yalnız oyandıqdan sonra aydın olur. Bəs heyvanlar yuxularını xatırlayırlarmı? Onlar yuxu dünyasını real dünyadan ayıra bilirlərmi?
Əminliklə demək olar ki, insan yuxularına xas olan fizioloji və davranış xüsusiyyətlər pişiklərdə, siçanlarda, quşlarda və digər heyvanlarda da müşahidə olunur. Lakin insan olmadıqda yuxu görmək necə bir hissdir? Bu hələ də sirr olaraq qalmaqdadır.
Mənbə: bbc.com
Tərcümə etdi: Fatimə Kərimli
