17 iyul 1942-ci ildən 2 fevral 1943-cü ilədək davam edən Stalinqrad döyüşü İkinci Dünya Müharibəsinin ən mühüm hadisələrindən biri sayılır. Almaniya və Sovet İttifaqı arasında baş verən bu döyüş təkcə müharibənin gedişatını dəyişdirməyib, eyni zamanda dözümlülük və qəhrəmanlığın rəmzinə çevrilib.

Döyüş iki əsas mərhələdən ibarət idi. Birinci mərhələdə (iyuldan noyabra qədər) Sovet qoşunları almanların hücumunun qarşısını alıb. Şiddətli döyüşlər Stalinqrad şəhərinin ətrafında, o cümlədən Kalaç-na-Donu bölgəsində baş verib. Alman ordusu güclü tank və aviasiya dəstəyi ilə Volqa çayı sahilində yerləşən bu strateji şəhəri ələ keçirməyə çalışıb, lakin sovet əsgərlərinin inadkar müqaviməti planlarını pozub. 19 noyabr 1942-ci ildə Sovet ordusu “Uran” əməliyyatına başlayıb. Bir neçə gün ərzində alman general Fridrix Paulusun rəhbərlik etdiyi 6-cı ordu mühasirəyə alınıb. Almaniya bu mühasirəni yarmağa çalışıb, lakin uğur əldə edə bilməyib. Sovet qüvvələri əməliyyatı başa vuraraq on minlərlə düşmən əsgərini məhv edib və əsir götürüb. Bu hadisə Şərq cəbhəsində nasist Almaniyasının ilk böyük məğlubiyyəti olub və müharibənin gedişinə ciddi təsir göstərib.
Stalinqrad döyüşü insan itkisinə görə də tarixə keçib. Müxtəlif mənbələrə görə, hər iki tərəfdən ölən, yaralanan və itkin düşənlərin ümumi sayı 2 milyondan çox idi.
Döyüşün ən simvolik epizodlarından biri şəhərin mərkəzində yerləşən “Pavlovun evi” olub. Serjant Yakov Pavlovun rəhbərliyi altında azsaylı sovet əsgəri bu binanı 58 gün boyunca müdafiə edib. Bu bina Sovet xalqının döyüş ruhunun simvoluna çevrilib.
Stalinqraddakı qələbə beynəlxalq aləmdə də geniş əks-səda doğurub. ABŞ prezidenti Franklin Ruzvelt bu döyüşü “epik mübarizə” adlandırıb, Böyük Britaniyanın baş naziri Uinston Çörçill isə onu “heyrətamiz zəfər” kimi qiymətləndirib.
Stalinqrad döyüşü bu gün də tarixin dərsi və sülhün, cəsarətin əhəmiyyətini xatırladan bir simvol olaraq qalır.
Mənbə: history.fandom
Tərcümə etdi: İbrahim Çobanlı
