Bu gün:

"Cadugərlərin şənbəsi" Francisco Goya


"İncəsənətin inciləri" rubrikası "Cadugərlərin Şənbəsi" əsərini təqdim edir. 

XVIII əsrin sonlarında İspan rəssamı Fransisko Qoya tərəfindən çəkilmiş “Cadugərlərin Şənbəsi” (“El Aquelarre”, 1798) tablosu dövrünün qorxu, mövhumat və insanlığın qaranlıq tərəflərinə güzgüdür. Goya bu əsərində iblisin bir ritualla cadugərlərin qarşısına çıxdığı təsəvvürünü canlandırır. Lakin bu səhnə sadəcə xəyali deyil. Bu, həm də ictimai tənqid, dini fanatizmin və mövhumatın sərt ironiyasıdır.


Rəsm ay işığı altında baş verir. Səma qaranlıqdır, ay sol yuxarı küncdə parlayır və onun əyrisini təqlid edən bir sıra yarasalar yuxarıda uçur. Bu detallar atmosferin qorxulu və sirli təbiətini daha da gücləndirir. Mərkəzdəki fiqur, başında palıd yarpaqlarından çələng olan böyük buynuzlu keçidir. O, iblisi təmsil edir, klassik “Baphomet” simvolikasını xatırladır və həm bir lider, həm də keşiş rolundadır.


Keçinin ətrafında isə müxtəlif yaşlarda qadın fiqurları, cadugərlər toplanıb. Onlardan biri acgözlüklə bir körpəni İblisə təqdim edir, digəri isə sağlam görünən başqa bir uşağı eyni aqibətə hazırlayır. Bu detal Goyanın məşhur olan xalq inancını, Şeytanın insan dölləri ilə qidalanması mifini ironik və qorxuducu şəkildə təqdim etdiyini göstərir. Sol tərəfdəki dirəkdə isə boyundan asılmış üç ölü körpə görünür. Bu, səhnənin dramatikliyini daha da artırır və tamaşaçını dərin düşüncələrə çəkir.


Goyanın bu əsərində ən diqqətçəkən və şokedici səhnə isə cadugərlərin körpə uşaqları keçi şəklində təsvir olunmuş Şeytana təqdim etmələridir. Tarix boyu mövhumatlarda uşaqların qurban verilməsi ən yüksək səviyyədə sadiqlik aktı kimi qəbul olunub. Körpə insanın təmizliyinin, günahsızlığın simvoludur. Onu qurban vermək öz vicdanını, şəfqətini, insanlığını inkar etməkdir. Bu da Şeytanla tam bir bağlılıq və ona qüsursuz təslim olmaq deməkdir.


Əsərin sağ tərəfindəki qadınların baxışlarında və hərəkətlərində yalvarış açıq hiss olunur. Qadınlardan biri əli ilə Şeytana körpəni uzadır sanki deyir: "Mənim körpəmi götür, məni digərlərindən üstün et." Digəri isə sağlam görünsə də, yenə də bir uşağı hazırlayır, onun baxışlarında həsəd, qorxu və tələsik ehtiyac sezilir. Hər ikisi bilirlər ki, bu, geri dönüşü olmayan bir əməldir. Amma eyni zamanda daha güclü bir qüvvəyə bağlanmaq üçün son şanslarıdır.


Tablonun təsirini artıran digər vacib element isə simvolların qəsdən “tərsinə” təqdim edilməsidir. Məsələn, keçi uşağa sağ dırnağı ilə yox, sol dırnağı ilə toxunur, bu isə şeytani simvolikada mənfi və qeyri-adekvat olanı ifadə edir. Dörddəbir ayın tərs tərəfdə yerləşdirilməsi də simvolik harmoniyanı pozur, qeyri-təbii və narahatedici bir təsir yaradır. Bütün bu əlamətlər izah edir ki, Goya təkcə bir mifə əsaslanan səhnə çəkmir, o, insan psixikasının dərinliklərində gizlənən qorxuları və cəmiyyətin fanatizmlə dolu zülmətini ortaya çıxarır.


“Cadugərlərin Şənbəsi” Goyanın mövhumat, inkvizisiya və dini sui-istifadəyə qarşı kəskin mövqeyinin ifadəsidir. Bu dövrdə İspaniyada hələ də cadugərlik ittihamları və inkvizisiya davam edirdi. Goya isə bu əsəri ilə cəmiyyətin qorxularının necə bir rituallaşdığını, mövhumatın və qorxunun insanların düşüncə tərzini necə zəhərlədiyini sərt və metaforik bir dillə ifadə edir.


Bu tablo Goyanın daha sonrakı “Qara rəsm” seriyasının öncülü kimi də qəbul edilə bilər, o seriyada da insan ruhunun dərin və qaranlıq tərəflərinə eniş baş verir.


Fransisko Goyanın “Cadugərlərin Şənbəsi” əsəri təkcə qorxulu bir mifin vizual təqdimatı deyil, həm də insanın iç dünyasındakı zülməti və cəmiyyətin toplu psixozlarını incə sənət dili ilə açıq şəkildə nümayiş etdirən bir əsərdir. Bu əsər sənətin təkcə gözəlliyi deyil, qorxunu və narahatlığı da ifadə edə biləcəyinin bariz nümunəsidir.



Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et