Stress immun sisteminə əhəmiyyətli dərəcədə təsir edir, insanın xəstəliklərə qarşı həssaslığını və ümumi sağlamlığını dəyişir. O, müxtəlif orqanlarda immun hüceyrələrinin yayılmasına və hərəkətinə təsir göstərərək onların qandakı tərkibini dəyişdirir.

Araşdırmada stress və immuniteti birləşdirən iki əsas yol öyrənilir: hipotalamus–hipofiz–böyrəküstü vəzi (HPA) oxu və simpatik sinir sistemi. Stress neyroendokrin sistemi aktivləşdirir və beyindəki mikroqliya hüceyrələrini hərəkətə gətirir, nəticədə, stress hormonları və neyrotransmitterlər ifraz olunur ki, bu da immun hüceyrələrinin fəaliyyətini və hərəkətini dəyişdirir.
Kəskin stress qısa müddətdə immuniteti gücləndirə və infeksiya zamanı qoruma təmin edə bilər, halbuki xroniki stress immun funksiyalarını pozur və ya zəiflədir. Xroniki stress HPA oxu vasitəsilə kortizol səviyyəsini artırır və nəticədə, immun reaksiyanı zəiflədir.
Stress yaradan amillərin tanınması və effektiv idarəetmə üsullarının tətbiqi insanların rifahına əhəmiyyətli təsir göstərə bilər.
İmmun sistemi stressə müxtəlif mexanizmlər vasitəsilə cavab verir və bu reaksiyalar onun müddətindən və intensivliyindən asılı olaraq həm faydalı, həm də zərərli nəticələr verə bilər. Barrett və başqaları tərəfindən 2021-ci ildə aparılan nəzarətli bir tədqiqatda tədqiqatçılar siçanları həm qısamüddətli (kəskin), həm də uzunmüddətli (xroniki) stress faktorlarına məruz qoyublar.
Kəskin stress T hüceyrələrinin çoxalmasını artırıb və iltihabi markerləri yüksəldib, xroniki stress isə hüceyrə aktivliyini və ümumi immun funksiyanı əhəmiyyətli dərəcədə azaldıb. Bu nəticə stressin davametmə müddətinin immunitetə təsirlərini qiymətləndirərkən nəzərə alınmasının vacibliyini vurğulayır.
Mənbə: National İnstitutes of Health
Tərcümə etdi: Arzu Qafarova
