Xarici işlər naziri Hakan Fidan Qəzza diplomatiyasını davam etdirir. Nazir Fidan bu gün Ankarada Həmas Rəhbərlik Şurasının sədri Məhəmməd Dərviş və Həmas Siyasi Bürosunun üzvləri ilə görüşüb. İclasda fələstinlilərin öz vətənlərindən çıxarılması səylərinin qəbuledilməz olduğu vurğulanıb.
Xarici işlər nazirliyindən verilən məlumata görə, görüş zamanı Qəzzada atəşkəsə nail olmaq üçün bəzi cəhdlər müzakirə olunub.
Qeyd olunub ki, İsrail Qəzzaya humanitar yardımların daxil olmasına mane olmaqla Fələstin xalqını aclığa məhkum etmək istəyir. Həmçinin beynəlxalq ictimaiyyət regiona humanitar yardımın çatdırılması üçün daha aktiv cəhdlər göstərməlidir.
Fələstinlilərin öz vətənlərindən qovulması cəhdlərinin qəbuledilməz olduğu vurğulanıb.
Görüş zamanı İordan çayının qərb sahilindəki vəziyyət də müzakirə edilib. İsrailin işğalın qalıcı olması üçün atdığı addımların regional sülhü təhdid edən ölçülərə çatdığı qeyd edilib. Görüş zamanı fələstinli qruplar arasında barışıq əldə etmək səyləri də müzakirə edilib.
Xarici işlər naziri Fidan, Fələstin qrupları arasında birliyin yaradılmasının vacibliyinə toxunaraq, Türkiyənin bu istiqamətdə səylərə hər cür töhfə verməyə hazır olduğunu bildirib.
Mənbə: A haber
Tərcümə etdi: Asiman Vəliyeva
