Bu gün:

Yaşlanma və təkamül : biz niyə yaşlanırıq?


İnsan bədəni doğulur, inkişaf edir, yetkinləşir və nəhayət qocalır. Bəs, bu qaçılmaz prosesin arxasında nə dayanır? Yaşlanma sadəcə zamanın təsiridir, yoxsa təkamülün şüurlu nəticəsi?


Alimlər qocalmanın təkamül məntiqi olduğunu düşünürlər. Təkamül biologiyasına görə, orqanizmlərin əsas məqsədi öz genlərini gələcək nəslə ötürməkdir. Bu məqsədlə həyatın erkən mərhələlərində reproduktiv müvəffəqiyyət böyük əhəmiyyət kəsb edir, sonrakı həyatda sağ qalma isə təkamül baxımından daha az əhəmiyyət kəsb edir. Bu vəziyyət “kumulyativ mutasiya nəzəriyyəsi” və “antaqonist pleiotropiya” kimi anlayışlarla izah olunur.


Kumulyativ mutasiya nəzəriyyəsinə görə qocalıqda baş verən zərərli genetik dəyişikliklər təbii seçmə süzgəcindən asanlıqla keçir, çünki bu mutasiyalar fərd reproduktiv yaş keçdikdən sonra təsirli olur. Buna görə də, bu genlər sonrakı nəsillərə ötürülə bilər.


Antaqonist pleiotropiya nəzəriyyəsi iddia edir ki, bəzi genlər gənc yaşda faydalı, daha yaşlı yaşda isə zərərli təsir göstərə bilər. Məsələn, gənc yaşda güclü immun sistemini təmin edən bir gen sonrakı yaşlarda iltihabı artıraraq xroniki xəstəliklərə səbəb ola bilər.


Müasir tibb və təkmilləşdirilmiş həyat şəraiti sayəsində insanlar indi öz təkamül “təbii” ömür müddətindən çox daha çox yaşaya bilərlər. Lakin bu, qocalmanı tamamilə aradan qaldırmır. Hüceyrə səviyyəsində DNT zədələnməsi, telomerin qısalması və hüceyrə enerjisinin istehsalının azalması kimi bioloji faktorlar qocalmanın əsasını təşkil edir.


Nəticə olaraq, qocalma həm bioloji, həm də təkamül reallığıdır. Bununla belə, elm dünyası bu prosesin daha sağlam və keyfiyyətli olması üçün işlərini davam etdirir. Kim bilir, bəlkə də gələcəkdə biz qocalmanı təkcə bioloji mərhələ kimi deyil, idarə oluna bilən bir proses kimi görəcəyik.


Mənbə : Evrim ağacı

Tərcümə etdi : Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et