Bu gün:

Biz nə üçün qocalırıq?


İnsan bədəni doğulur, inkişaf edir, yetkinləşir və sonda qocalır. Bəs bu qaçınılmaz prosesin səbəbi nədir? Qocalma sadəcə zamanın təsiridirmi, yoxsa təkamülün şüurlu şəkildə formalaşmış nəticəsidir?

Alimlər qocalmanın təkamül baxımından məntiqi bir proses olduğunu düşünürlər. Təkamül biologiyasına görə, orqanizmlərin əsas məqsədi öz genlərini gələcək nəsillərə ötürməkdir. Bu baxımdan, həyatın erkən mərhələlərində reproduktiv uğur xüsusi əhəmiyyət daşıyır, sonrakı dövrlərdə sağ qalma isə təkamül baxımından daha az önəmli sayılır. Bu yanaşma 'kumulyativ mutasiya nəzəriyyəsi' və 'antaqonist pleiotropiya' kimi anlayışlarla izah olunur.

Kumulyativ mutasiya nəzəriyyəsinə görə, insan qocalanda ortaya çıxan zərərli genlər çox da təsiredici gücə malik olmur. Çünki bu genlər adətən insanın uşağı olduqdan, yəni çoxalma dövrü bitdikdən sonra təsir göstərir. Ona görə də bu genlər problemsiz şəkildə nəsildən-nəslə keçə bilər.


Antaqonist pleiotropiya nəzəriyyəsinə görə, bəzi genlər gənc yaşda insana fayda verə bilər, amma yaşlandıqca zərərli təsir göstərməyə başlayar. Məsələn, gənc yaşda immun sistemini gücləndirən bir gen, sonralar bədəndə iltihabı artıra və xroniki xəstəliklərə yol aça bilər.


Müasir tibbin inkişafı və daha yaxşı həyat şəraiti insanların əvvəlkindən daha uzun yaşamasına imkan verir. Ancaq bu, qocalmanı tamamilə dayandıra bilmir. Hüceyrə səviyyəsində baş verən bəzi proseslər, məsələn DNT-nin zədələnməsi, telomerlərin qısalması və hüceyrələrin enerji istehsalının zəifləməsi – insanın yaşlanmasına səbəb olan əsas amillərdəndir.


Nəticə olaraq, qocalma həm bioloji, həm də təkamül baxımından qaçılmaz bir prosesdir. Buna baxmayaraq, elm adamları bu prosesi daha sağlam və keyfiyyətli şəkildə keçmək üçün araşdırmalarını davam etdirirlər. Bəlkə də gələcəkdə qocalmanı sadəcə təbii bir mərhələ kimi deyil, idarə oluna bilən bir proses kimi qəbul edəcəyik.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et