Çoxlarımız zaman-zaman özümüzü kifayət qədər bacarıqlı və dəyərli hiss etmirik. Bu hissin kökü, adətən, uşaqlıq təcrübələri, cəmiyyətin təzyiqləri və özümüzə qarşı olan gözləntilərlə bağlıdır.

Psixoloji yanaşmalar
Freyd-ə görə, yetərsizlik hissi uşaqlıqda yaşanan travmalardan qaynaqlanır. Laqeyd və ya həddindən artıq müdaxilə edən valideyn münasibətləri uşağın özünə inamını sarsıda bilər.
Adler bu hissi “aşağılıq kompleksi” ilə izah edir: hər kəs müəyyən yetərsizliklə doğulur və bu hiss onu inkişaf etməyə sövq edir, lakin bununla mübarizə aparmaq mümkün olmazsa, kompleksə çevrilə bilər.
Rogers fərdin dəyərli olduğunu qəbul etsə də, ətraf mühitdən gələn mənfi tənqidlər və sevgi çatışmazlığı insanın özünə münasibətini poza bilər. “Real mənlik” ilə “ideal mənlik” arasındakı uyğunsuzluq yetərsizlik hissini doğurur.
Beck isə bu hissi mənfi düşüncə tərzi ilə əlaqələndirir: “Uğursuzam”, “yetərli deyiləm” kimi fikirlər insanın öz dəyərinə şübhə etməsinə səbəb olur.
Bandura-nın fikrincə, insanlar özlərini ətrafındakılarla müqayisə edərək formalaşdırırlar. Sosial mediada mükəmməl həyatların təqdim olunması bu hissi daha da gücləndirir.
Uşaqlıqdan gələn izlər və sosial təsirlər
Uşaqlıqda davamlı tənqid və ya həddindən artıq qoruyuculuq, həmçinin bacı-qardaşlarla müqayisələr bu hissin yaranmasına zəmin yarada bilər. Cəmiyyətin müəyyən etdiyi uğur meyarları, məsələn müəyyən yaşda evlənmək, karyerada yüksəlmək və s. fərddə “geri qalmaq” hissi yarada bilər.
Çıxış yolları
Yetərsizlik hissi ilə mübarizədə ilk addım onun mənbəyini anlamaq və özünə şəfqətli yanaşmaqdır. Kristin Neff-in tədqiqatları göstərir ki, insanın özünü tənqid etmək əvəzinə anlayış göstərməsi daxili rahatlıq yaradır.
Kiçik uğurları görmək, öz inkişafına fokuslanmaq və sosial müqayisədən uzaq durmaq da önəmlidir. Zəruri hallarda bir mütəxəssisdən dəstək almaq da tövsiyə olunur.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
