Bu gün:

Yüksək zəka və depressiya arasındakı əlaqə necədir?


Yüksək zəka ilə narahatlıq və gərginlik arasında əlaqə olduğunu hiss edənlər tək deyil. Elm hələ bu əlaqəni tam izah edə bilmir, çünki zəka və depressiyanı ölçmək asan deyil. Lakin bəzi nəzəriyyələr bu əlaqəni açıqlamağa çalışır.

Zəka səviyyəmiz, doğrudan da, depressiyanı və ya narahatlığı təsirləndirə bilərmi?

Bu mövzu ilə bağlı tədqiqat nəticələri qarışıqdı və bəzən bir-birinə zidd gəlir. 2009-cu ildə aparılan bir araşdırmada, uşaqlıqda aşağı IQ səviyyələri ilə yetkinlikdə major depressiya arasında əlaqə tapılmışdı. Lakin bu araşdırma yalnız 32 yaşına qədər izlənilən bir qrup üzərində aparıldığından, yaşlılıq dövründəki təsirlər hələ də məlum deyil.


Maraqlıdır ki, eyni araşdırmada yüksək IQ-yə sahib şəxslərin posttravmatik stres pozuntusu (PTSP), sosial fobiyaya qarşı daha dayanıqlı ola biləcəyi qeyd edilmişdi. Lakin 2018-ci ildə yayımlanan başqa bir araşdırma, yüksək IQ-nin mərkəzi sinir sistemində həddindən artıq həyəcanlanmaya səbəb olaraq stres, iltihablanma və depressiya riskini artıra biləcəyini iddia etdi. Daha sonra bir qrup alim bu fikri təkzib edərək, "Xeyr, məsələ elə deyil" deyib. 


2022-ci ildə Avropa Psixiatriya jurnalında dərc olunan genişmiqyaslı bir tədqiqat, əvvəlki araşdırmalardakı nümunə çatışmazlıqlarını nəzərə alaraq vəziyyəti yenidən qiymətləndirib. Minlərlə insanın məlumatlarına əsaslanan bu araşdırmada, yüksək IQ-yə sahib fərdlərin, əslində, daha az anksiyetə, PTSP, nevrotiklik və travma yaşadığı ortaya çıxdı.


Nəticələr zəkanın birbaşa ruhi sağlamlıq problemlərinə səbəb olduğu yönündəki ümumiləşdirmələri sual altına aldı. Çünki zəka yalnız IQ testi ilə ölçülən bir anlayış deyil; mədəni keçmiş, emosional zəka, həyat təcrübəsi kimi bir çox faktorla sıx əlaqəlidir. Qısası, yüksək IQ təkbaşına nə risk, nə də qoruyucu bir amil kimi dəyərləndirilə bilər. Yəni həm yüksək, həm də aşağı IQ-ya sahib insanlar depressiya yaşaya bilər.


Bəs əsas məsələ nədədir? 

Araşdırmalar göstərir ki, depressiya zəka səviyyəsindən asılı olmayaraq bir çox faktorla əlaqəlidir, məsələn genetik meyillilik, xroniki xəstəliklər və travmalar. Məsələn, LGBTQ+ fərdlərində ayrı-seçkilik səbəbindən anksiyete və depressiya göstəriciləri daha yüksəkdir. Anksiyete pozuntuları, sosial fobiya, panik atak və ümumi narahatlıq kimi müxtəlif formalarda ortaya çıxaraq, fərdin sosial və emosional həyatını ciddi şəkildə təsir edə bilər.


Bəs bu narahatlıqla yaşamaq məcburiyyətindəyik? 

Əlbəttə ki, xeyr. Anksiyetə pozuntuları müalicə edilə bilən vəziyyətlərdir və çox vaxt terapiya ilə əhəmiyyətli dərəcədə yaxşılaşma əldə etmək mümkündür. Bilincli davranış terapiyası (BDT) kimi metodlar insanın narahatlıq yaradan düşüncələrini yenidən qurmasına kömək edə bilər. Bəzi hallarda isə dərman müalicəsi də terapiyaya əlavə oluna bilər.


Gündəlik həyatda tətbiq oluna biləcək üsullar da mövcuddur. Dərin nəfəs məşqləri, meditasiya, müntəzəm fiziki fəaliyyət və kofein istifadəsinin azaldılması kimi kiçik addımlar belə fərq yarada bilər. İstər zəkalı olun, istər olmayın, peşəkar yardımdan çəkinməyin.


Mənbə: onedio


Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et