"İncəsənətin inciləri" rubrikası "Saint Eulalia" əsərini təqdim edir.

John William “Saint Eulalia” adlı yağlı boya əsərini 1885-ci ildə yaradıb. Səssizliyin içində çırpınan bir fəryad kimi bu tablo bizə şəhidlik, inam və qadın gücünün simvoluna çevrilmiş Müqəddəs Eulalianın faciəvi hekayəsini çatdırır.
Əsər qışın ortasında baş verir. Qarla örtülmüş mərmər döşəmədə əlləri çarmıxa açılmış şəkildə uzanan gənc bir qız, Eulalia, sanki ölümün soyuğundan çox insanların biganəliyi və amansızlığından donub qalıb. Onun çılpaq bədəni ətrafındakı ağ göyərçinlərlə ziddiyyət təşkil edir. Təmizliyin, günahsızlığın və ruhun əbədiliyinin simvolu olan quşlar bu vəhşiliyin şahidləridir. Eulalia susur, amma hər baxışda danışır.
Əsərin fonunda Roma dövrünün tipik memarlığı görünür, əsgərlər və izləyicilər səhnəni izləyir. Bəziləri üzlərini örtüb, bəziləri isə soyuqqanlı baxışlarla baxır. Sanki bu qətl adi bir hadisəymiş kimi. Bu detallar dövrün sosial və dini təzyiqlərini, qadınlara qarşı zülmü və inanclara qarşı dözümsüzlüyü açıq şəkildə göstərir.
Waterhouse tipik pre-rafaelit tərzinə sadiq qalaraq həm kompozisiya, həm rəng palitrası, həm də duyğusal dərinliklə tamaşaçını 19-cu əsrin romantik incəsənət ruhuna çəkir. Lakin burada romantika ağrının içində gizlidir. Çünki bu rəsmdə sevgi yoxdur, sadəcə inam və onun bədəli var.
“Saint Eulalia” yalnız dini şəhidlik hekayəsi deyil. Bu, həm də qadınların tarix boyunca məruz qaldığı zorakılığın, sistemin yaratdığı səssiz qəhrəmanların portretidir. Onun hekayəsi zamandan və məkandan asılı olmayaraq aktuallığını qoruyur. Çünki hələ də dünyada inamları, fikirləri və haqları uğrunda əzab çəkən Eulalialar var.
Hazırladı: Talehə Hüseynzadə
