Bu gün:

Les Diaboliques və Psycho


Henri-Georges Clouzot-nun iki qadının cinayət planından bəhs edən filmi bu il 70 yaşını tamamlayır və bu film qorxulu dəhşətin əsl ustalığını nümayiş etdirərək Psycho da daxil olmaqla bir çox filmə təsir göstərib.

1959-cu ildə yazdığı “Psycho” romanı ilə məşhur olan və həmin roman əsasında çəkilən 1960-cı il “Alfred Hitchcock” filminin müəllifi Robert Bloch dəhşət janrını ən yaxşı anlayan yazarlardan biridir. O, bir müsahibəsində “ən sevdiyim dəhşət filmi” adlandırdığı bir film haqqında danışanda bu fikrə ciddi yanaşmaq lazımdır. Bloch-un söhbət etdiyi film nə öz romanının uyğunlaşdırılması, nə də Hollivud klassikası olub, əksinə, sakit bir şəkildə təsir yaradan bir Fransız filmi olub: Henri-Georges Clouzot-nun 1955-ci ildə çəkdiyi Les Diaboliques.

Pierre Boileau və Thomas Narcejac tərəfindən yazılan “She Who Was No More” (1952) adlı romandan uyğunlaşdırılan bu film dəhşət kinosunda inqilab yaradıb. Film noir və dəhşət üslubunu birləşdirərək, nəfəskəsici bir gərginlik atmosferi qurur və bu xüsusiyyətlərlə bir çox digər filmə təsir göstərir. Film Paris kənarında yerləşən xüsusi bir internat məktəbində bir neçə müəllimin münasibətləri ətrafında cərəyan edir. Məktəbin direktoru Mişelin zorakı davranışları həm həyat yoldaşı Kristinanın, həm də onun məşuqəsi Nikolun həyatını cəhənnəmə çevirir. Nikol Kristinanı Mişeli öldürməyə razı salır. Onu Nikolin mənzilinə aparırlar, orada onu vannada boğub meyiti məktəbin hovuzuna atırlar. Amma ertəsi gün cəsəd yoxa çıxır. Mişel sağdırmı? Yoxsa onun ruhu qisas üçün gəzir? Clouzot-nun kinematoqrafiyasında ümidsizlik və kinayə mühüm yer tutur. Onun müharibə dövründə Nasistlərin idarə etdiyi şirkət üçün işləməsi ona iki il ərzində film çəkmə qadağası gətirib. Hərçənd ki, onun çəkdiyi “Le Corbeau” (1943) həm Nasistlər, həm də Fransa hökuməti tərəfindən tənqid olunub.

Clouzot-nun filmlərindəki psixoloji oyunlar və gözlənilməz süjet dönmələri Les Diaboliques-i digər filmlərdən fərqləndirir. Film boyu qeyri-təbii elementlər – “ölü” Mişelin məktəbdə görülməsi, onun təmizlənən kostyumunun qayıtması və s. həm tamaşaçını, həm də qəhrəmanları çaşdırır. Filmin sonunda Kristina Mişelin vannada birdən dirilib qalxması ilə qorxudan ürək tutması nəticəsində ölür. Əslində Mişel və Nikol bir yerdə plan quraraq onu aradan götürmək istəyiblər. Bu səhnə o qədər təsirlidir ki, Stephen King onu “əyləncədə yaşadığım ən qorxulu an” adlandırır. Film həmçinin qan və zorakılığı az göstərməsinə baxmayaraq, dərin qorxu hissi oyadır. Robert Bloch da məhz bunu filmin güclü tərəfi sayıb.

Bloch-un fikrincə bu film Psycho-ya ilham verib. Hitchcock da bu filmi çəkiliş qrupu ilə birlikdə izləyib və filmi kimi tamaşaçılardan sonluğu başqalarına deməmələrini istəyib. Hitchcock əslində bu romanın hüquqlarını almaq istəyib, lakin Clouzot ondan bir qədər tez davranaraq hüquqları əldə edir və beləliklə Les Diaboliques ortaya çıxır. Clouzot filmin orijinalından xeyli uzaqlaşır: hadisələri bir məktəbdə cərəyan etdirir və kişi obrazını “qurban” kimi təqdim edir, lakin əslində onun bir cani olduğunu göstərir. Bu isə tamaşaçını cinayəti dəstəkləməyə sövq edir və nəticədə daha böyük bir qorxu yaradılır.

Clouzot-nun bu filmi Fransa kinosunda dəhşət janrına qapı açıb. “Eyes Without a Face”(1960), “Repulsion” (1965) kimi filmlər bu cığırdan gedib. İtaliyada Giallo janrının doğulmasında belə Les Diaboliquesin təsiri hiss olunur. Həmçinin Clouzot-nun filmi “Hitchcock-un Vertigo” (1957) kimi işlərinə də zəmin yaradıb.

1990-cı illərdə film Hollivudda Sharon Stone və Isabelle Adjani ilə yenidən çəkilib, lakin uğursuz olub. Bununla belə, orijinal film qorxu və psixoloji dəhşət janrında əsas nümunə kimi yadda qalıb.

Robert Bloch-un dediyi kimi, Les Diaboliques qorxu filminin necə olmalı olduğunun canlı nümunəsidir – qorxunc, zəka ilə yazılan və illər sonra da təsirli qalmağı bacaran bir film.

Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova



Paylaş
Şərh əlavə et